Accessibility links

Azərbaycanda insan alveri qurbanları


Bir qrup qeyri-hökumət təşkilatı İnsan Alverinə Qarşı Əməkdaşlıq və İnformasiya Şəbəkəsi yaradıb. Təqdimat mərasimində Amerikanın Azərbaycandakı səfiri, ATƏT-in, Beynəlxalq Əmək Təşkilatının, çoxsaylı səfirliklərin nümayəndələri iştirak edib.

ABŞ-ın səfiri Enn Dersi bildirib ki, insan alveri müasir dövrün quldarlığıdır. Qurbanlar əsasən məcburi əməyə və ya seksual istismara məruz qalır. Hər il dünyada səkkiz yüz minə yaxın qurban digər dövlətlərlə aparılır. Səfir bu qlobal problemin Azərbaycanda da mövcud olduğunu deyib.

Xanım Dersi insan alverinə qarşı milli müraciət mexanizminin yaradılmasını vacib sayır. Onun fikrincə, insan alverinə qarşı mübarizə sahəsində çoxsaylı problemlər hələ də qalmaqdadır.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev insan alverinə mübarizə məqsədilə yaradılan qeyri hökumət təşkilatları şəbəkəsini dəstəklədiyini bildirib. Onun fikrincə, şəbəkə hökumət qurumlarına alternativ yox, onlara kömək məqsədilə yaradılır. Çünki insan alverinə qarşı mübarizə bütövlükdə cəmiyyətin işidir. Cənab Əliyevin sözlərinə görə, ötən il ölkədə insan alveri ilə bağlı 70 fakt qeydə alınıb. Ancaq buna baxmayaraq problem aktualdır.

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın dediyinə görə, insan alveri ilə bağlı 2008-ci ildə 70 fakt aşkarlansa da reabilitasiya mərkəzinə cəmi 52 nəfər yerləşdirilib.

Xanım Zeynalovaya görə, Azərbaycan həm təyinat, həm istifadə, həm də tranzit ölkədir. Azərbaycandan əsasən MDB ölkələri tranzit məqsədi ilə istifadə edir. Azərbaycandan isə qurbanlar əsasən Dubaya, Türkiyəyə, Pakistana və MDB ölkələrinə aparılır.


XS
SM
MD
LG