Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch 2006-cı ildə dünya ölkələrində insan hüquqlarının və demokratiyanın vəziyyətinə dair illik hesabatını yayıb.
Azərbaycana həsr edilmiş bölmədə deyilir ki, 2005-ci ilin noyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən onlarla hökumət məmuru, müxalifət siyasətçisi və digər şəxslər məhkəməni gözləyərək ilkin həbsdə saxlanılıb. Ölkədə işgəncə problemləri, siyasi motivlərlə həbs və həbslərin şərtləri həll edilməmiş qalır. KİV-in vəziyyəti pisləşib, jurnalistlərə münasibətdə zorakılıq və həbslər qeydə alınıb, vəzifəli şəxslərin iddiaları əsasında şərəf və ləyaqətin müdafiəsi haqqında çoxsaylı işlər qaldırılıb. Beynəlxalq birliyin bir çox subyektləri insan hüquqlarının vəziyyətilə bağlı dəfələrlə Azərbaycan hökumətini tənqid edib.
Human Rights Watch illik hesabatında 2005-ci il parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilənlərin bir ildən çox keçməsinə baxmayaraq hələ də ilkin həbsdə saxlanıldığını bildirir. «Sentyabrda müxalifətdə olan Demokrat partiyasının sədr müavini Natiq Əfəndiyev dövlət çevrilişinə cəhd ittihamı üzərindən götürüldükdən sonra, qanunsuz silah saxlamaqda günahlandırılaraq beş il məhkum edilib. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev uzun müddət həbsdə saxlanması və ona qarşı törədilən digər qanunsuzluqlarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edib. Həbs edilənlər arasında erməni xüsusi xidmət orqanlarının pulu ilə dövlət çevrilişinə cəhddə ittiham edilən "Yeni fikir" gənclər təşkilatının üç fəalı da var».
Sənəddə bildirilir ki, Azərbaycanda əvvəlki kimi zorakılıq halları geniş müşahidə edilib. «2006-cı ildə ilkin saxlanma zamanı ən azı iki ölüm hadisəsi qeydə alınıb. Bu faktlarla bağlı hər hansı istintaqın aparılması barədə məlumat yoxdur».
Təşkilat jurnalistlər, xüsusilə də müxalifət nəşrlərilə bağlı zorakılıq və cinayət təqiblərilnin davam etdiyini yazıb. «Martda "Azadlıq" qəzetinin müxbiri naməlum şəxslərin hücumuna məruz qalıb: o vəhşicəsinə döyülmüş və bıçaqlanmışdı.
Mayda naməlum şəxslərin hücumuna "Bizim yol" qəzetinin baş redaktoru və AXCP-nin sədr müavini Bahəddin Həziyev məruz qalıb. Ondan hökumətin tənqidinə son qoymağı tələb ediblər. İyulda polisin və vəzifəli şəxslərin təzyiqlərinə "Ayna-Zerkalo" qəzetinin müxbiri İdrak Abbasov məruz qalıb. İyunun 23-də "Azadlıq" qəzetinin tanınmış jurnalisti və satiriki Mirzə Sakit şübhəli narkotik işi üzrə həbs edilib. Ehtimal edilir ki, bu onun prezident İlham Əliyev və hökumətdəki korrupsiya haqqınada yazdığı kəskin məqalələrinin qarşısını almaq məqsədilə edilib. Oktyabrda Zahidov üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ən azı altı jurnalist və redaktora, həmçinin bəzi nəşrlərə qarşı vəzifəli şəxslərin şikayəti əsasında böhtan haqqında cinayət işləri və şərəf və ləyaqətin qorunması haqqında mülki iddialar qaldırılıb. Ən azı üç redaktor böhtan və şərəf və ləyaqətin təhqir olunması işləri üzrə azadlıqdan məhrum edilib.
Noyabrda məhkəmənin qərarı ilə icarəyə götürülmüş binadakı ofislərindən AXCP və onunla bağlı olan "Azadlıq" və "Bizim yol" qəzetləri, həmçinin həmin binada yerləşən Turan informasiya agentliyi köçürdülüblər. Bununla yanaşı, Milli Teleradio Şurası Azərbaycankı sonuncu müstəqil telekanal olan ANS-in lisenziyasını uzatmaqdan imtina edib».
Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsnov hesabatı ölkədə demokratiyanın, insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı tam obyektiv sənəd olmadığını bildirib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə Human Rights Watch təşkilatının hesabatını real adlandırıb. Onun fikrincə, təşkilatın yaydığı sənəddə qeyd edilən qanun pozuntuları Azərbaycan hünquq müdafiəçiləri tərəfindən də qeydə alınıb.