Azərbaycan, Ermənistan və Rusiya prezidentləri
dünən Moskva görüşündən sonra birgə bəyanatla çıxış edib. Sənəddə deyilir ki, Azərbaycan, Ermənistan
və Rusiya prezidentləri Rusiya prezidentinin
dəvəti ilə görüşərək, konstruktivlik şəraitində Dağlıq Qarabağ münaqişəsinin
vəziyyəti və siyasi vasitələrlə Rusiya, ABŞ və Fransanın ATƏT-in Minsk qrupu
həmsədrləri qismində iştirakı ilə Azərbaycan və Ermənistan arasında birbaşa
dialoqun davam etdirilməsi yolu ilə münaqişənin həlli perspektivlərini konkret
və ətraflı müzakirə edib.
Dövlət başçıları bildirir ki, Cənubi Qafqazda
vəziyyətin sağlamlaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
prinsip və normaları, və bu çərçivədə
qəbul edilmiş sənədlər əsasında siyasi həlli yolu ilə regionda sabitlik və
təhlükəsizlik şəraiti qurulmasının təmin edilməsinə yardım edəcəklər. “Bu da
regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait
yaradacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin 29 noyabr 2007-ci il Madriddə
tərəflərlə görüşünü və təməl siyasi həll prinsiplərin işlənməsi məqsədilə
sonrakı müzakirələri nəzərə almaqla, həmsədrlərin vasitəçilik səylərinin davam
etdirilməsinin böyük əhəmiyyətini qeyd edir”.
Prezidentlər razılaşıblar ki, sülh yolu ilə həllə nail olunması bütün aspekt və mərhələlərə hüquqi öhdəlik yaradan beynəlxalq zəmanətlərlə müşaiyyət olunmalıdır. “Dövlət başçıları qeyd edir ki, Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi, o cümlədən yüksək səviyyəli əlaqələri davam etdirmək barədə razılığa gələrək, xarici işlər nazirlərinə danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə gələcək addımları fəallaşdırmağı tapşırıb. Nizamlanma üzrə səylər kontekstində etimadın möhkəmlənməsi üzrə tədbirlər həyata keçirilməsi üçün şərait yaradılmasının təşviqini vacib sayır”.
Azərbaycanda prezidentlərin birgə bəyanatına münasibət birmənalı deyil. Rəsmi Bakı sənədi mühüm adlandırsa da, müxalifətdə olan siyasi partiyalar və müstəqil politoloqlar Moskvanın “siyasi görüntüsü” kimi qiymətləndirir.
Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim sənədi vacib sayır. O “Amerikanın səsi” radiosuna bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri ilk dəfədir belə bir sənədi imzalayır.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri
Ərəstun Oruclu bildirir ki, tərəflərin münaqişəni sülh yolu ilə həll etmək
niyyətinin əks olunması yenilik deyil. Bu əslində Rusiya üçün bir piar siyasətidir. “Xüsusən, Azərbaycan və Ermənistan Avropa
Şurasına daxil olarkən, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Fəaliyyət
Planını imzalayarkən, Avropa qonşuluq siyasəti çərçivəsində münaqişəni sülh
yolu ilə həll etmək öhdəliyi götürüb”.
Müxalifətdə olan AXCP sədri Əli
Kərimli də sənədin hər hansı hüquqi əhəmiyyətinin olmadığını deyir. Onun
fikrincə, bu Rusiyanın Gürcüstanın işğalından sonra guya regionda sülhə
tərəfdar olması görüntüsü yaratmaq cəhdidir. Cənab Kərimli eyni zamanda hesab edir ki,
sənədlə Gürcüstan böhranından sonra ilk
dəfə olaraq ATƏT-in Minsk Qrupu həmsədrləri formatı bir daha təsdiq
edilib.