Accessibility links

Hüquq müdafiəçiləri Azərbaycanda insan hüquqlarını pozan rəsmilərin Avropaya buraxılmamasını istəyir


Azərbaycanın 150-dək vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatı, hüquq-müdafiəçisi, mətbuat rəhbəri və ziyalısı Avropa İttifaqını ölkədə söz və mətbuat azadlığını məhdudlaşdırdığına görə bir sıra yüksək vəzifəli dövlət məmurlarının Avropa İttifaqına üzv ölkələrə getmək üçün viza verməməyə çağırıb.

Dünən müraciət Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə Avropa İttifaqına sədrlik edən, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerə çatdırılıb. Sənəddə deyilir ki, Azərbaycanda azad mətbuat və jurnalistlərin təhlükəsizliyi sahəsində kəskin vəziyyət mövcuddur. 7 jurnalist böhtan və təhqir də daxil olmaqla müxtəlif ittihamlarla həbsdədir. Daha 10 jurnalistin eyni ittihamlarla şərti məhkumluğu var. Jurnalistlərə qarşı hücum faktları araşdırılmır, günahkarlar cəzalandırılmır. Hakimiyyətə sərf etməyən KİV-lər binalarından köçürülür və ya müxtəlif bəhanələrlə sıradan çıxarılır. 2006-cı ilin yanvarından 2007-ci ilin mayınadək 15 məhkəmə iddiası əsasında çıxarılan məhkəmə cərimələrinin ümumi məbləği 500 min dollardan çox olub.

İnstitutun direktoru Leyla Yunus hesab edir ki, mətbuata qarşı təzyiqlərə son qoyulmazsa bir sıra hakimlər və dövlət məmurlarının Avropa ölkələrinə səfərlərinə qadağa qoyulmalıdır. Xanım Yunus bundan öncə isə Avropa Şurasının rəhbərliyinə müraciət edildiyini deyib. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söz və mətbuat azadlığı ilə bağlı ciddi problemin olmadığını deyib. O Avropa İttifaqına belə müraciətlərin göndərilməsini düzgün saymır. Çünki məmurların xarici səfərləri xalqa xidmət üzərində qurulub.

XS
SM
MD
LG