Accessibility links

Azərbaycanda hər yüz min nəfərə 190 məhbus düşür


Ədliyyə nazirliyinin Penitensiar Xidmətin Təşkilat-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov bildirib ki, Azərbaycan qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılır, ölkə çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Eyni zamanda, son dövrlər cəzaçəkmə müəssisələrində sovet idarəetmə sistemindən sürətlə uzaqlaşma prosesi başlayıb. “Həm qanunvericilik bazası yeniləşir, həm də Avropa standartlarına uyğun cəzaçəkmə müəssisələri tikilir. Bu il Naxçıvan və Bakıda yeni müəssisələr açılıb, Şəki və Lənkəranda isə tikinti işləri başa çatmaq üzrədir. Ömürlük məhbusların saxlandığı Qobustan həbsxanası da yeni binaya köçürüləcək”.

O əsasən qanunvericilikdə edilən son dəyişikliklərdən, daxili intizam qaydaları, məhbuslara qarşı güc tətbiq edilməsi, qida qəbulundan imtina, məlumat alma, məlumat ötürmə, məktublaşma və şikayət etmə hüquqlarından danışıb. Cənab Hümbətovun sözlərinə görə, məhbusların məlumat ötürmə ilə bağlı hər-hansı problemi yoxdur. “Ömürlük məhbuslara il ərzində 2 uzunmüddətli, 6 qısamüddətli görüş verilir. İldə 24 dəfə - hər dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququ verilir. Məhbuslar cəzaçəkmə müəssisələrinin kitabxanasından və kitabxananın abunə olduğu qəzetlərdən azad istifadə edir. Özləri də istədikləri qəzetlərə öz hesablarına abunə yazıla bilərlər”.

Cəzaçəkmə müəssisəsində aclıq etmək də olar. Bu zaman məhbus müəssisə rəhbərliyinə yazılı məlumat verir. Bundan sonra məhbus nəzarətə götürülür və hər dəfə onun stoluna yemək qoyulur. Məhbus qidanı qəbul etməsə, iki saatdan sonra qida götürülür. “Yalnız məhbus özünü idarə etmə qabiliyyətində olmadıqda ona məcburi qida verilir”, - deyə Musa Hümbətov qeyd edib.

O, ölkədə hər yüz min əhaliyə 190 nəfərədək məhbus düşdüyünü deyib. Cənab Hümbətovun sözlərinə gözə, son illər məhbusların sayı bir neçə dəfə azalıb, ancaq yenə Avropa ölkələrinə nisbətən çoxdur. “Avropa ölkələrinin qanunvericiliyində həbs tədbiri ağır cinayətlər üçün nəzərdə tutulub. Ona görə də Avropa ölkələrində məsuliyyətə cəlb edilənlərin sayı Azərbaycandan çox, həbs edilənlərin sayı isə azdır”.

İdarə rəisi son 15 ildə Penitensiar Xidmətə ayrılan büdcə vəsaitnin 40 dəfə artdığını, 1,8 milyon manatdan 80 milyon manata çatdığını bildirib.

M.Hümbətov cəza kameralından da danışıb. “Daxili intizam qaydalarını ciddi pozan məhkumlar bu kameraya salınır. Bir məhbus il ərzində 60 gün cərimə təcridxanasına salına bilər. Bir dəfəyə məhbus bu kameraya 15 gündən çox salına bilməz” - deyə o qeyd edib.

XS
SM
MD
LG