Accessibility links

Azərbaycanın Gürcüstanda böhran, radikal dini qurumlar və mətbuat azadlığı barədə mövqeyi


"Hesab edirik ki, Gürcüstandakı böhran tezliklə həllini tapacaq. Gürcüstan öz sabitliyini, müstəqilliyini davam etdirəcək və bu da bölgənin xeyrinədir". Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində bildirib. O ümid edir ki, yaranmış böhran Gürcüstan vətəndaşlarının yaşayışına, dövlətin sabitliyinə xələl gətirməyəcək. "Hesab edirik ki, gürcü xalqı vəziyyətdən çıxış yolunu tapacaq. Arzu edirik ki, böhrandan çıxış demokratik, insan hüquqları qorunmaqla həyata keçirilsin və belə də gözləyirik". Şöbə müdiri həmçinin Gürcüstanda mövcud durumun Azərbaycanı narahat etdiyini bildirib. "Azərbaycan Gürcüstanla dost və strateji münasibətləri olan ölkədir. Ümumiyyətlə, Cənubi Qafqazda olan hər üç dövlətin daxilində, ətrafında baş verən hər bir arzuolunmaz proses bütövlükdə Cənubi Qafqazın ab-havasına, onun inkişafına, vətəndaşların hərəkətinə və digər məsələlərə təsir göstərir".- "Söz və mətbuat azadlığı ilə ayrı-ayrı insanları təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq, böhtan atmaq arasında heç bir bağlılıq yoxdur. Jurnalistləri heç kim həbs etmir və təqib etmir. Əlinə qələm alıb adını jurnalist qoyan adamlar da bilməlidir ki, heç kimə başqasını təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq hüququ verilməyib". Bu barədə isə Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin həbsi ilə bağlı «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. Onun fikrincə, hüquqi dövlətdə heç kimin hüququ başqasından üstün tutulmur. "Heç kimə haqq verilməyib ki, kiminsə hüququnu tapdasın. Məmur və ya başqa peşə sahibi olmasından asılı olmayaraq, insanları təhqir edən, onların şərəf və ləyaqətini alçaldan, böhtan atan insan məhkəmə qarşsında cavab verməlidir. Avropa Şurasının və digər beynəlxalq təşkilatların necə təsnif etməsindən asılı olmayaraq, özbaşınalığa, xaosa yol verə bilmərik. Bir insanın hüququ başqa insanın sənəti hesabına məhdudlaşdırıla bilməz". Diffamasiya barədə maddənin Cinayət Məcəlləsindən çıxarılmasından danışarkən o deyib ki, gələcəkdə jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması üçün hansısa yollar axtarılmalı, tədbirlər həyata keçirilməlidir. "İndiki anda isə Azərbaycan qanunvericiliyində bir insanın digərini təhqir etməsi, şərəf və ləyaqətini alçaltması cinayət hesab edilir. Buna görə də bəzi jurnalistlər məhkəmə qarşısında cavab verir". Bununla yanaşı, şöbə müdiri jurnalistlərin həbsdən azad edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirməyib.- O son dövrlər baş qaldıran radikal dini qurumlarla bağlı sualına isə belə cavab verib."Biz heç kimə imkan verməyəcəyik ki, Azərbaycan vətəndaşının dini inancından iqtisdai, siyasi və digər mənafeləri naminə istifadə etsin. İnsan öz Allahı, öz dini düşüncəsi qarşısında sərbəstdir. Heç kimin ixtiyarı yoxdur ki, bu düşüncə üzərində özünün ayrı-ayrı məqsəd daşıyan təsərrüfatını qursun Onun sözlərinə görə, Azərbaycanda dini tolerantlıq mühiti mövcuddur. "Biz bu dini tolerantlıq mühiti ilə fəxr edirik və bunu təbliğ edirik. Təəsssüf ki, son zamanlar bəzi daxili və xarici dini qurumlar Azərbaycanda məshəbçilik, məshəbçilik üzərində dini qarşıdurma, insanları bu və ya digər dini tədbirlərə, təriqətlərə sövq etmək məqsədilə müəyyən aksiyalar keçirir. Azərbaycan dövləti buna göz yuma bilməz. Xüsusən, o radikal cərəyanlar ki, Azərbaycanda fəaliyyətini genişləndirməyə çalışır, dini azadlıqdan sui-istifadə edərək, Azərbaycan cəmiyyətini parçalamağa çalışır. Onalara qarşı tədbirlər görülür, bundan sonra da görüləcək". Şöbə müdiri hazırda Azərbaycanda belə cərəyanların sayının getdikcə genişlənməkdə olduğunu etiraf edib. "Ayrı-ayrı dini təriqətlər, xüsusən də onların radikal hissəsi insanaların dünyagörüşündən, dini inancından istifadə edərək, onların fəaliyyətinə, həyat tərzinə ciddi təsir göstərməyə çalışır. Son zamanlar onların bəziləri hətta silahlanmağa, ayrı-ayrı dəstərlər şəklində fəaliyyət göstərməyə cəhd göstərib. Bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb və bundan sonra da alınacaq". Ə.Həsənovun fikrincə, dünyəvi dövlətdə dini azadlıq, tolerantlıq o demək deyil ki, ayrı-ayrı ictimai-siyasi təşkilatlar insanları dini inancına görə təşkilatlandırıb, qanunda nəzərdə tutulmayan və dövlətçiliyə, vətəndaş birliyinə xələl gətirən aksiyalara cəlb edə bilər. "Dünyəvi dövlətdə belə hərəkətlərin qarşısı alınır. Dinin dövlətdən ayrılığı o deməkdir ki, insanlar öz dini inanclarını hakimiyyətə, hakimiyyət isə özünün dini inanclarla bağlı mövqeyini insanlara zorla qəbul etdirmir. Hər bir insan öz dini inancı qarşısında sərbəstdir". Şöbə müdiri hesab edir ki, dünyəvi dövlətin bir tələbi də insanların dövlət idarələrinə, qurumlara, dövlətin təhsil müəssisələrinə dini formaları, geyimləri və digər dini mənsubiyyət məsələlərini daşımamasıdır.
XS
SM
MD
LG