Accessibility links

"GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda konfrans keçirilir


Bakıda "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda iki günlük beynəlxalq konfrans açılıb. Konfrans 22-23 may 2006-cı ildə Kiyev şəhərində GUAM dövlət başçılarının zirvə toplantısının qərarlarının yerinı yetirilməsi, GUAM dövlətlərinin mövqeyinə geniş beynəlxalq ictimai dəstəyin səfərbər edilməsi, münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə yeni impuls vermək məqsədilə keçirilir. Konfransda Azərbaycan xarici işlər naziri, Gürcüstan və Moldovanın reinteqrasiya üzrə dövlət nazirinin müavinləri, Polşa, Latviya, Litva, İsveçrə xarici işlər nazirlərinin müavinləri, GUAM-ın baş katibi, AŞPA-nın fəxri prezidenti, Ukrayna, Sloveniya, Rumıniya, Türkiyə və bir sıra digər dövlətlərin məsul nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı dövlətlərin səfirləri və ekspertlər iştirak edir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, GUAM Avropa və Avroatlantik qurumlara inteqrasiyanı başlıca məqsəd seçib. Onun fikrincə, GUAM dövlətlərində həllini tapmamış münaqişələr inteqrasiya prosesinə mənfi təsir edir. "Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnesryanı münaqişələr regionun təhlükəsizliyinə təhdidlər yaradır. Münaqişələr GUAM dövlətlərinin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır". Nazir hesab edir ki, GUAM dövlətlərindəki münaqişələrin nizamlanma prosesində yaranmış durğunluq beynəlxalq ictimaiyyəti narahat etməlidir. "Biz BMT-nin Baş Assambleyasının qətnamələrinə hörmət edərək, münaqişələrin bu prinsiplər əsasında həllinə çalışırıq. İnanırıq ki, GUAM ərazilərindəki münaqişələr beynəlxalq hüquq əsasında ədalətli həllini tapacaq". Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskiy hesab edir ki, Kosovonun müstəqilliyini elan etməsi keçmiş SSRİ ərazilərində dondurulmuş münaqişə zonalarında separatçı rejimləri yenidən qızışdırıb. "Bu səbəbdən də Kosovo heç bir münaqişə üçün presedent ola bilməz. Hər bir münaqişənin öz xüsusiyyətləri və öz həll yolu var". Gürcüstanın reinteqrasiya üzrə dövlət nazirinin müavini Dmitriy Mandçavidze hesab edir ki, GUAM dövlətlərindəki münaqişələrlə bağlı vəziyyət dözülməzdir və bu vəziyyət dəyişməlidir. "Münaqişələr GUAM dövlətlərinin ərazi bütövlüyü çərçivəsində və icmaların maraqlarına uyğun həll edilməlidir. GUAM dövlətləri ərazisində heç bir icma diskriminasiyaya məruz qalmır". Onun fikrincə, GUAM ərazisindəki münaqişələr beynəlxalq təhlükəsizliyə hədələr törədir. "Gürcüstanın təklifləri ölkə ərazisindəki münaqişələrin həllinə kömək etmədi. Qarşılıqlı fikir mübadiləsi hələ də mövcud deyil, Sülh prosesinə təkan yoxdur". Nazir müavini hesab edir ki, GUAM BMT agentlikləri ilə birgə işləyərək münaqişələrin həllinə çalışacaq. "Beynəlxalq təhlillər aparılmalıdır. "Avropa Qonşuluq Siyasəti" çərçivəsində münaqişələrin həlli məsələsinə ciddi diqqət yetirilməlidir. Münaqişələrin həllinə həm də Avroatlantik məkanın bir problemi kimi baxılmalıdır". Moldovanın reinteqrasiya üzrə nazirinin müavini İon Stevila bildirib ki, Kosovonın birtərəfli qaydada müstəqilliyini elan etməsi və Rusiyanın münasibətindəki dəyişikliklər GUAM ərazisindəki münaqişələrin həllinə təkan verməlidir. "Ümid edirik ki, baza prinsipləri daxilində münaqişələrin həll prinsipləri tapılacaq" . Onun sözlərinə görə, Kosovo məsələsi son dövrlər beynəlxalq ictimaiyyətin dondurulmuş münaqişələrə diqqətini artırırb. "Artıq ikitərəfli və çoxtərəfli müzakirələr genişlənməkdədir". Nazir müavini hesab edir ki, Dnesryanı münaqişənin həlli daha asandır. "Çünki burada etnik və ya dini problem yoxdur. Hər iki sahildəki insanlar birgə yaşaya bilər. Müxtəlif formalarda dialoq da var. Moldova prezidenti paket təşəbbüslər irəli sürüb və beynəlxalq ictimaiyyət bunu dəstəkləyir. Artıq diasporalar arasında dialoq da mövcuddur". GUAM-ın baş katibi Valeriy Çeçiaşvili bildirib ki, GUAM münaqişələrin həllinə töhfələr verməyə hazırdır. "GUAM-ın uğurlu regional əməkdaşlıq təşəbbüsləri artıq beynəlxalq təşkilat mərhələsinə çatıb. GUAM dövlətləri arasında daxili ticarət dövriyyəsi 2006-cı ildə 2 mlrd dollar, 2007-ci ildə 3 mlrd dollar olub. Yaxın beş ildə ticarət dövriyyəsi 10 mlrd dolları keçəcək". Onun fikrincə, inkişaf perspektivləri ümumi unteqrasiya və təhlükəsizlik məkanının yaradılmasını vacib edir. "Bu GUAM dövlətlərinin maraqlarına tam uyğundur. Hazırda GUAM məkanında demokratik dəyərlərin inkişafı, qanunun aliliyi, insan hüquqları, təhlükəsizlik məsələləri, sektorial inkişaf məsələləri gündəlikdə duran ən ümdə vəzifələrdir" Baş katib GUAM-ın məqsədinin geniş mənada Avropa məkanının yaradılması olduğunu deyib. "Münaqişələrin həlli bu məqsədi daha da reallaşdıracaq. Əsas məqsədlərimizdən biri də, münaqişələrin GUAM dövlətlərinin ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə həllidir. Separatçıların GUAM dövlətlərində gələcəyi yoxdur. Bu münaqişələr dövlətlərin suverenliyi və insan hüquqları çərçivısində həll ediləcək". Forumda münaqişələrin mənbəyi, səbəbləri və nəticələri, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə hüququ və birtərəfli sessesiya problemi, qeyri-qanuni güc tətbiq etmənin nəticələri və ərazi mənimsənilməsi, effektli nəzarət və beynəlxalq hüquqi məsuliyyət, münaqişələrin həlli və perspektivləri mövzuları müzakirə edilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri konfransa dəvət edilsə də son anda iştirak etməyib. Xarici İşlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib ki, həmsədrlər konfransda iştirak etməmələrinin səbəbini bildirməyib.
XS
SM
MD
LG