Accessibility links

Azərbaycanda qadınların problemləri müzakirə edilib


Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti Avropa Feminist Forumunun Azərbaycan üzrə «Güclü xanımlar» həmfikir qrupunun təşəbbüsü ilə «Biz qadınlar yenə də kifayət qədər təmsil oluna bilmirik» mövzusunda dəyirmi masa keçirib. Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və rəsmi strukturların təmsilçiləri iştirak edib. Forumda əsasən gender bərabərliyi və qadınların qərarverici vəzifələrə irəli çəkilməsi, seçkilərdə iştirakı, ictimai-siyasi həyatdakı rolu ətrafında müzakirələr aparılıb. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin təmsilçisi Sədaqət xanım bildirib ki, gender məsələlərinin həlli istiqamətində ciddi addımlar atılmır. Belə ki, qanunlar və sərəncamlar olmasına baxmayaraq problem həllini tapmır. O qadınların dövlət vəzifələrinə irəli çəkilməməsindən də narahatdır. Hüquq müdafiəçisi Mehriban Vəzir də ölkədə qadınlarla bağlı çoxsaylı problemlərin mövcudluğundan danışıb. Onun fikrincə, problemlərin həlli üçün ilk öncə siyasi iradə lazımdır. Xanım Vəzir ölkədə işçi gücünün 44 faizinin qadınlara məxsus olduğunu və bu gücün yalnız 4 faizindən istifadə edildiyini deyib. Mehriban Vəzir Azərbaycan qadınının özündə də ciddi problemlərin olduğunu bildirib. O bunu ölkədəki sosial-iqtisadi və təhsil sahəsindəki çatışmamazlıqlarla bağlayıb. Xanım Vəzir hesab edir ki, problemlərin həlli ilk öncə ananın öz dilinə, öz milli mənəviyyatına söykənməsindən keçir. Xəzər universitetinin gender tədqiqatı mərkəzinin idarə heyətinin üzvü Kifayət Ağayeva hesab edir ki, qadınların əqli əməyindən istifadə məsələsi hökumətin diqqətində olmalıdır. Lakin bu sahədə elə də irəliləyiş yoxdur. Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Xanbabayeva son dövrlər uşaqlarından imtina edən anaların sayının artdığını diqqətə çatdırıb. O hesab edir ki, tək analara dövlət müavinəti ayrılmalıdır. Xanım Xanbabayevanın sözlərin görə, bəzi ailələrdə zorakılıq problemləri də qalır. «Qadınlar Arasında Həmrəylik» İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova qadınların ictimai fəaliyyətinin inkişafı üçün ilk öncə problemlərin müzakirəsini vacib hesab edir. Onun fikrincə, Azərbaycanda 25 yaşından sonra qadının işə qəbulu problemə çevrilib. «Müsavat» partiyasının gender problemləri üzrə komissiyasının sədri Sevinc Hüseynzadə qadın problemlərinin spektrinin dəyişməkdə olduğunu deyib. Onun sözlərinə görə, sosial problemlərin ağırlığı hətta qadınların öz ərlərini öldürməsinin çoxalmasına gətirib çıxarıb.
XS
SM
MD
LG