Accessibility links

"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru həbsxanada aclığa başlayıb


"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində bu gündən aclığa başlayıb. Bu barədə baş redaktorun atası Emin Fətullayev “Amerikanın səsi” radiosuna bildirib. Eynulla Fətullayev həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin satirik-yazarı Mirzə Sakitin və özünün qeyd-şərtsiz həbsdən azad edilməsini, Avropa Şurası və ATƏT-in "vicdan məhbusunun" həbsdən azad edilməsi mexanizmini ictimaiyyətə açıqlamasını tələb edir. O baş redaktorun səhhətində problemin olmadığını, ancaq günahsız həbsinin onu hər an hirsləndirdiyini deyib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə “Amerikanın səsi” radiosuna baş redaktorun aclığa başlaması ilə bağlı onlara hər hansı məlumatın daxil olmadığını bildirib. Cənab Fətullayev 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə səkkiz il yarım azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin terrorla hədələmə , vergidən yayınma, milli ayrı seçkilik salma maddələri ilə təqsirli bilinib. Bu, cənab Fətullayevə qarşı 2007-ci ildə ikinci məhkəmə prosesi olub. Buna qədər o, böhtana görə iki il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ötən ilin aprelində Yasamal rayon məhkəməsi onu ATC saytındakı internet-forumda xocalıları təhqir etməkdə təqsirli bilib. Bundan sonra baş redaktoru "Əliyevlər müharibəyə hazırlaşır" məqaləsinə görə məhkəməyə veriblər. Materialda Vaşinqton tərəfindən Tehran rejiminə qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə İranın Azərbaycana mümkün raket hücumu haqqında danışılır. Məhkəmə zamanı cənab Fətullayev və onun vəkili İsaxan Aşurov irəli sürülmüş bütün ittihamları rədd edib, onları gülməli və əsassız adlandırıb. Fətullayev həmçinin məhkəmə hökmünü siyasi sifariş kimi qiymətləndirib. Jurnalistin atası, artıq birinci məhkəmə hökmündən Avropa İnsan Haqları məhkəməsinə müraciət edildiyini vurğulayıb.
XS
SM
MD
LG