Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm əhəmiyyətə malik ölkələrdəndir. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycana dünənki səfərinin yekunları ilə bağlı bildirib.
Cənab Brayza Yerevan və Tbilisiyə səfərindən sonra, Bakıya gəlib. O Bakıda xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. Həmsədr Bakı görüşünü yüksək qiymətləndirir. “Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqaz regionunda mövcud vəziyyətlə bağlı səmərəli müzakirələr apardıq. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun rəyə gəlməyə çox yaxındır. Rəsmi Vaşinqtonda belə bir mövqe formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə paralel aparılmalıdır. Mİnsk qrupunun həmsədrləri tərəflərə münaqişənin nizamlanması ilə əlaqədar Madrid prinsiplərinə əsaslanan təkliflər verib. Bu qənaətdəyəm ki, Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişə nail olmuşuq. Bu dəfəki səfərimdə də Bakıda və Yerevanda irəliləyişin olmasını hiss etdim. ABŞ prezidenti və dövlət katibi Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir və yaxın bir neçə ay ərzində danışıqlar prosesində yeni mərhələ başlaya bilər”-deyə o qeyd edib.
Azərbaycan xarici işlər nazirliyinin təmsilçisi Elxan Poluxov “Amerikanın səsi” radiosuna bildirib ki, cənab Brayza səfəri zamanı ABŞ Dövlət katibi Hillari Klintonun məktubunu Azərbaycan tərəfinə təqdim edib. Məktubda Amerikanın yeni administrasiyasının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğu bəyan edilir.
Cənab Poluxov danışıqlarda irəliləyiş əldə edilməsi üçün Amerikanın dəstəyinin olacağına ümid edir.
Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə danışıqlarda irəliləyiş olacağına inanmır. Onun fikrincə, Amerika Dağlıq Qarabağ məsələsində indiki anda Rusiyaya təsir etmək imkanlarına malik deyil. Rusiyaya təsir mexanizmi olsa idi Ermənistanın mövqeyində dəyişiklik hiss edilərdi.
Cənab Quluzadə ümidini iqtisadi böhrana bağlayıb. Politoloq hesab edir ki, iqtisadi böhranın nəticələrindən asılı olaraq Rusiyanın mövqeyində yaxşılığa və pisliyə doğru dəyişiklik baş verə bilər.