Accessibility links

ABŞ səfiri Azərbaycan hökumətini 2008-ci il prezident seçkilərini azad və ədalətli keçirməyə çağırır


"Demokratik islahatlar ABŞ-ın Azərbaycanda əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Biz hesab edirik ki, parlament Azərbaycanın demokratik inkişafı üçün həlledici olan güclü, müstəqil, şəffaf və demokratik bir institut olmalıdır. Bu baxımdan 2008-ci ildə prezident seçkilərinin ədalətli, azad və şəffaf keçirilməsi üçün qanunvericilik bazasının yaradılmasında qarşıdan gələn il ərzində parlamentin üzərinə böyük məsuliyyət düşür". Bu barədə jurnalistlərə Azərbaycan Milli Məclisinin payız sessiyasının açılış iclasında iştirak etdikdən sonra ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib. Səfirin fikrincə, seçki prosesi yalnız seçki günü ilə məhdudlaşmır. "Parlament "Seçki Məcəlləsi" və "Sərbəst Toplaşmaq haqqında" qanuna dəyişikliklərə dair Venesiya komissiyasının tövsiyələrini əks etdirən qanunvericilik aktı qəbul etməklə seçkilərə müsbət təsir etmək imkanına malikdir. Bütövlükdə qanunvericilikdə şəffaflığın təmin olunmasında hər bir parlament üzvünün fəaliyyəti böyük rol oynayır. Mən millət vəkillərini təmsil etdikləri dairələrin nümayəndələri kimi vəzifələrində daha da məsuliyyətli olmağa çağırıram". O, parlamentin bir institut kimi möhkəmlənməsinə kömək məqsədilə ABŞ-ın yeni bir neçə miylon dollarlıq yardım layihəsi həyata keçirdiyini deyib. "Bu layihənin məqsədi əhali və onların seçdikləri namizədlər arasında əlaqələri yaxşılaşdırmaq üçün yerlərdə ofislərin yaradılmasına kömək etməkdir". Səfir Azərbaycan rəsmilərinin seçki qanunvericiliyinə ciddi dəyişikliklər olunmayacağı bəyanatı ilə bağlı sualın cavabında bildirib ki, ABŞ hökuməti inanır ki, 2008-ci ildə Azərbaycan azad və ədalətli seçkilər keçirməklə demokratiyanın növbəti daha mötəbər bir mərhələsinə keçmək üçün yeni və çox böyük imkanlar əldə edə bilər. "Belə seçkilər yalnız tərəfdaş dövlətlərə deyil, Azərbaycanın özünə daha çox lazımdır ki, demokratik, müstəqil və inkişaf edən ölkəyə çevrilsin. Biz parlamentin hökumətlə birgə işləyərək 2008-ci ildə azad və ədalətli seçkilərin keçirilməsi üçün lazım olan bütün şərtləri və vəziyyəti təmin etməsini dəstəkləyirik. Həm Venesiya komissiyası, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin yüksək beynəlxalq standartlara uyğun keçirilməsi üçün müəyyən tövsiyələr və məsləhətlər verib. Çox vacibdir ki, hökumət o məsləhətlərə riayət edərək addımlar atsın" - deyə E.Ders qeyd edib. "Hər dəfə hər hansı vətəndaşın və ya jurnalistin döyülməsini, əsassız saxlanmasını eşitmək bizi narahat edir". Bu bəyanatı xanım Ders «Amerikanın səsi» radiosunun son günlər Naxçıvanda baş verənlərlə bağlı sualının cavabında bildirib. Onun sözlərinə görə, ABŞ səfirliyinin iki əməkdaşı Naxçıvanda olub, məsələ ilə maraqlanıb və müvafiq şəxslərlə görüşüblər. "Azərbaycan hökumətindəki həmkarlarım mənə deyirlər ki, qanunun aliliyinə çox ciddi əməl edən ölkə olmaq istəyirlər. Mən ümid etmək istərdim ki, sistem imkan yaradacaq ki, vətəndaşlar qanunun aliliyinə nail olmaq üçün onlara edilən təzyiqlərə qarşı müxtəlif vasitələrlə öz haqlarını qoruya biləcəklər". Səfir mətbuatla bağlı ABŞ-ın mövqeyinin dəyişməz qaldığını bildirib. "Mətbuat nümayəndələrinə qarşı hər hansı zorakılıq halları - onların döyülməsi, öldürülməsi, o cümlədən onlara qarşı hakimiyyət nümayəndələri tərəfindən zorakılıqdan istifadə olunması qəbuledilməz haldır. Bu halların hər birinin çox ciddiliklə təhqiq olunması, araşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsinə nail olunmasını istəyirik" - deyə o qeyd edib.
XS
SM
MD
LG