Accessibility links

Azərbaycanın keçmiş səhiyyə naziri siyasi motivlərlə həbs olunduğunu bildirib


Tapdıq Fərhadoğlu "Əli İnsanov - siyasi məhbusdur və heç kim bunu inkar edə bilməz. Mən potensial siyasi məhbusam". Bu barədə sabiq səhiyyə naziri Əli İnsanov Ağır Cinayətlərə dair Məhkəmədə hazırlıq iclası zamanı bildirib. "Mən açıq-aydın siyasi əsaslarla həbs edilmişəm. İş o yerə çatıb ki, mənə qarşı hərbiçilərə aid ittihamlar irəli sürüblər, sonra isə bu ittişamları geri götürüblər" - deyə cənab İnsanov vurğulayıb. Həbsindən iki ay sonra istintaqa rəhbərlik edən şəxs Əli İnsanovun dövlət çevrilişinə cəhdə hazırlaşmasının "sübut olunduğunu" bildirib. Lakin il yarımdan sonra iş ayrıca icraata götürülüb. "Mən bunun səbəbləri barədə soruşduqda dedilər ki, dövlət çevrilişinə cəhdə dair işin istintaqı Rəsul Quliyev həbs edildikdən və Azərbaycana gətirildikdən sonra davam etdiriləcək". Sabiq nazirin sözlərinə görə, 1996-cı ildən sonra o Rəsul Quliyevlə heç bir əlaqəyə malik olmayıb. "O mənə nifrət etdiyini bildirmişdi". Sabiq nazir ona qarşı irləi sürülən dövlət çevrilişinə cəhdə hazırlıq ittihamının itsintaqda sübutunun olmadığını da diqqətə çatdırıb. «Əgər mən inqilab edirəmsə, bəs inqilabçılar haradadır» . "Əli İnsanov sıravi insan deyil. O hakimiyyəti quranlardan və hakim partiyanı yaradanlardan biridir. Məhkəmə sakit şəraitdə keçsin deyə öz qohumlarıma, yaxınlarıma və tələbələrimə demişəm ki, bura gəlməsinlər. Ətrafımda çoxlu siyasi oyunlar gedir və məni nədəsə ittiham etməyə heç bir əsas yoxdur" - deyə sabiq nazir bildirib. Onun sözlərinə görə, 16 ay ərzində onu, xəstə adamı beynəlxalq konvensiyalara zidd olaraq bir nəfərlik kamerada saxlayıblar. «Bu mənə qarşı işgəncədir». Cənab İnsanov müdafiəsinə qalxan bütün şəxslərə - Ermənistandan və Qarabağdan olan qaçqınlara, tələbələrinə, hüquq müdafiəçilərinə, jurnalistlərə, "bəzi telekanallara", beynəlxalq elmi ictimaiyyətin nümayəndələrinə minnətdarlığını bildirib. O məhkəmədən bu cinayət işinə xitam verilməsini xahiş edib. Eyni vəsatətlə İnsanovun vəkilləri də çıxış edib. Onlar dövlət çevrilişi haqqında ittiham İnsanovun üzərindən götürüldüyü üçün onun bir il üç ay ərzində həbsxanada saxlanılmasını "qanunsuz" adlandırıb. Vəkil İsaxan Aşurov tərəfindən "məhkəmə korpusunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar" məhkəmə heyətinə verilən. etiraza isə məhkəmə baxmayıb. Hakim bunu vəkilin kifayət qədər əsas gətirməməsilə izah edib. Sabiq nazir günortadan sonra da kəsikn çıxışları ilə yadda qalıb. "Mən dövlət büdcəsindən bir qəpik belə mənimsəməmişəm və bunu həbsimdən sonra aparılan yoxlamalar da təsdiqləyib. Mən ölkəyə 16 milyon dollar məbləğində qrant cəlb etmişəm. Alim-ixtiraçı kimi milyonlarla dollar qazanmışam və onları yaramaz "Yeni Azərbaycan" partiyasının maliyyələşdirilməsinə sərf etmişəm". O yerli telekanallar tərəfindən evindən qızıl külçələrinin müsadirə edilməsi dair göstərilən videokadrları "saxta" adlandırıb. Bu kadrlar Azərbaycan Ləl-cavahirat Fondunda lentə alınıb. Cənab İnsanov evində axtarış aparan hüqüq mühafizə orqanlarının əməkdaşlarını da ittiham edib. «Mən məhkəmədən xahiş edirəm televiziyada nümayiş etdirilən qızıl külçələr, kərpiclər istintaq materiallarına əlavə edilsin. Maraqlıdır ki, televizyada guya mənim qızıllarım kimi ictimaiyyətə təqdim olunun külçələr evimdən götürülmüş əmlakın arasında yoxdur. Onlar qızıl dişlərimi, mükafatlarımı və həyat yoldaşının nişan üzüyünü götürüblər. Bütün bunları müxalifət yox, iqtidar edib. Onlar həmişə Heydər Əliyevin mənə olan xoş münasibətinə paxıllıq ediblər". Sabiq nazirin dediyinə görə, o hakim partiyanın iclaslarında ölkənin problemləri, əhalinin və ilk növbədə qaçqınların ağır vəziyyəti barədə açıq şəkildə danışdığına görə həbs edilib. Cənab İnsanov bildirib ki, həbsxana onun iradəsini sındıra bilməz. "Nelson Mandella 30 il həbsxanada olub. Mən burada olmağımdan fəxr edirəm, çünkü buradan xalqa müraciət edə bilirəm". O hakim partiyanın üzvlərini nəticə çıxarmağa çağırıb. "Qoy "Yeni Azərbaycan"ın bütün üzvləri partiyanın əsasını qoyan şəxsin hansı aqibətlə üzləşdiyini görsünlər" - deyə cənab İnsanov bildirib. Sabiq nazirin vəkilləri onun ödədiyi vergilər haqqında məlumatların, həmçinin AzTV və Lider televiziyalarında evindən qızıl külçələrinin müsadirə edilməsinə dair göstərilən kadrların məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıblar. Vəkillər həmçinin səhiyyə obyeklərinin özəlləşdirilməsini İqtisadi İnkişaf nazirliyi və Dövlət Əmlak Komitəsi həyata keçirdiyi üçün, İnsanova qarşı dövlət əmlakını mənimsəməsi barədə ittihamların əsassız olduğunu qeyd ediblər. «Məni dövlət məlakını mənimsəməkdə ittiham edirlər. Mən nazir kimi səhiyyəyə aid yarasız əmlakın özəlləşdirməsinə yalnız razılıq bildirmişəm. Özəlləşdirliməyə çıxarılmış əmlak İqtisadi İnkişaf nazirliyinin nəzdində olub, özəlləşdirməni isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi aparıb. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və əmlak komitəsinin sədri Kərəm Həsənovun şahid qismində məhkəməyə dəvət edilməsini xahiş edirəm»-deyə vəkil Ağaveyis Şahverdi qeyd edib. Vəkillər həmçinin məhkəməni cənab İnsanova qarşı həbs qəti imkan tədbirini dəyişməyə və onu ev şəraitində həbsə almağa və bu işə dair cinayət icraatını dayandırmağa çağırıblar. Ancaq mhəkəmə hər hansı vəsatətəi təmin etməyib. Hakim məhkəmə prosesinin fevralın 22-nə təyin edib.
XS
SM
MD
LG