Accessibility links

Əli Həsənov: Azərbaycan prezidentinin ölkədə gedən proseslər, görülən işlər haqqında dəqiq və dolğun məlumatı var


Sirus Təbrizli partiyanını nizamnaməsini pozduğuna, partiya fəaliyyətində iştirak etmədiyinə, hərəkətləri ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiyadan uzaqlaşdırılıb.Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. O dünən partiya sıralarından uzaqlaşdırılmış YAP sədrinin müavini olmuş Sirus Təbrizlinin ölkədəki vəziyyətlə bağlı prezidentə düzgün məlumat çatdırılmaması barədə bəyanatına da cavab verib. «Ölkədə gedən proseslər, görülən işlər haqqında prezidentin tam dəqiq, dolğun və səhih məlumatı var. Bu tipli çıxışların heç bir əsası yoxdur. Bunlar sadəcə ayrı-ayrı adamların fantaziyasının və münasibətinin nəticəsidir. Ölkədəki vəziyyət heç də Sirus Təbrizlinin dediyi kimi deyil. Azərbaycanda gedən işlərin nəticələri hamıya bəllidir. Həm iqtisadi, həm siyasi, həm sosial, həm daxili vəziyyət, həm də regionların inkişafını görməmək üçün nə qədər siyasi korafəhim olmaq lazımdır. Hesab edirəm ki, Sirus Təbrizlinin dediklərində heç bir əsas yoxdur, bu onun şəxsi mülahizəsidir, belə düşünür və belə düşünənlər də YAP sıralarında ola bilməz».

Ə.Həsənov YAP-da daxili münasibətlərin çox yaxşı olduğunu deyib. «Partiyanın siyasi xəttinə, nizamnaməsinə əməl edən hər bir üzv seçkili orqanlar və icra aparatı tərəfindən dəstəklənir, qiymətləndirilir. Bu xəttə qarşı çıxanlar isə partiyaya gəlmə vaxtından, partiya quruculuğundakı rolundan asılı olmayaraq partiya sıralarınldan uzaqlaşdırılır».

Şöbə müdiri hökumətdaxili münasibətləri də normal qiymətləndirir, «Hər bir məmur öz vəzifəsini bilir, vəzifəsinin öhdəsindən gəlmək üçün çalışır. Vəzifəsinin öhdəsindən gələnlər irəli çəkilir, mükafatlandırılır, öhdəsindən gəlməyənlər isə azad edilir». O, SirusTəbrizlinin YAP İdarə Heyətinin 2005-ci ildə keçirlən qurultayından sonra prezidentlə bir dəfə belə görüşməməsi barədə söylədiklərini isə «bu onun fikridir» deyə cavablandırıb. «İdarə Heyətinin üzvləri sədrlə görüşüb. Sədrlə mütəmadi əlaqələr var. İcra katibliyi və partiyanını sədr müavinləri sədrlə mütəmadi əlaqə saxlayır, partiyadakı vəziyyətlə bağlı sədrə məruzə olunur, tapşırıqlar alınır və icra olunur». Əli Həsənov hesab edir ki, ölkədaxili vəziyyət tam normaldır, sabitdir və inkişaf üçün şərait yaradır. «Dövlət siyasəti əhalinin əksəriyyəti tərəfindən dəstəklənir».

Şöbə müdiri «Azadlıq» blokunun hökumətdaxili münasibtəlrin sabit olmaması barədə bəyanatlarına da cavab verib. «Azadlıq» blokundakılar 15 ildir proqnozlarla məşğuldur. Onlar gah hakimiyyətin bir ay, gah da bir tədbirlik ömrü qaldığını deyir. Bu hakimiyyətə gələ bilməyən insanların fantaziyasıdır».

Əli Həsənov keçmiş Səhiyyə naziri Əli İnsanov tərəfindən məhkəməyə verilməsini «müraciət etmək onun hüququdur»-deyə cavblandırıb. «Mən dediyim sözlərin hamısına cavabdehəm. Əli İnsanovun dövründə səhiyyədə baş verənlər barədə tək mən yox, o dövrdə mətbuatda da yazılıb. Yenə o fikirdəyəm ki, Əli İnsanov Azərbaycan səhiyyə sistemini bərbad hala qoyub. Səhiyyə nazirliyinin imkanlarından öz şəxsi məqsədləri üçün istifadə edib. Nə onun nazirliyi, nə də idarə heyətinin üzvülyü YAP-a şərəf gətirməyib. Əksinə partiyanın nüfuzunu aşağı salıb, başını aşığı edib».

Əli Həsənov deyir ki, o, YAP-ın 2008-ci il prezident seçkilərində qalib gələcəyinə yüz faiz inanır. «Bunun üçün əsasımız da var. Bunu sorğular da, görülən işlərə verilən qiymət də, prezidentin fəaliyyətinə xalq tərəfindən verilən dəstək də sübut edir».

XS
SM
MD
LG