“Ölkədəki ictimai-siyasi təşkilatlar Milli Məclisin müzakirəsinə verilmiş “Seçki Məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini seçki prosesi dövründə namizədlərin qeydə alınmasına, bərabər təbliğat və təşviqat kampaniyasının aparılmasına, demokratik seçkilərin keçirilməsinə, müstəqil və müxalifət namizədlərinin imkanlarının məhdudlaşdırılmasına cəhd kimi qəbul edir”. Bu barədə bir çox siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının qanun layihəsi ilə bağlı bu gün keçirdiyi müzakirələr zamanı qəbul edilən bəyanatında deyilir.
Sənəddə bildirilir ki. qanun layihəsi seçki komissiyalarının formalaşmasında və bütün iştirakçıların qəbul etdiyi orqana çevrilməsi üçün heç bir yeni təklif nəzərdə tutmayıb, “Sənəddə namizədlərin imzatoplama kampaniyası 35 gündən 10 günədək azaldılıb, təşviqat müddəti 60 gündən 21 günə endirilib, namizədin qeydiyyat depoziti 33 min manatdan 300 min manata qaldırılıb, namizədin qeydiyyatının ləğvi sadələşdirilib, təşviqat materiallarının yayılmasına qadağa qoyulub, dövlət televiziyasında təbliğat qadağan edilib”.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirib ki, Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” iki qanun layihə daxil olub. Hər iki layihənin imzalanma tarixi eynidir. Sənədlərin birində məcəlləyə 86, digərində isə 75 əlavə və dəyişiklik nəzərdə tutulub. Yeni layihə seçkidə müxalifət və müstəqil namizədin iştirak imkanlarını minimuma endirir.
Çıxış edənlər “Seçki Məcəlləsi” və seçki prosesi ilə bağlı qərb təşkilatlarının apardığı işləri də kəskin tənqid edib. “Azərbaycan xalqı hələ Sovet totalitar dövründə mürtəce qanunlarla 45 nəfər demokrat namizədi deputat seçmişdi. Qərbə inteqrasiya prosesi başlayandan isə demokratik seçkiyə ümidlər belə itib”-deyə hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib.
Demokrat partiyasının təmsilçisi Taliyyət Əliyev AŞPA-nın Venesiya Komissiyasının seçki prosesi ilə bağlı apardığı işi uğursuz adlandırıb. Onun fikrincə, Azərbaycanda yaranmış indiki şəraitə görə ATƏT və Avropa Şurası siyasi məsuliyyət daşıyır. ATƏT və Venesiya komissiyasının danışıqları nəticəsində belə mürtəce qanun qəbul ediləcəksə, bir neçə illik danışıqlar kimə lazım idı.
Öz növbəsində, iqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi” radiosuna bildirib ki, müxalifət “Seçki Məcəlləsi”nə hücum etməklə seçkilərdə məğlubiyyətini qabaqcadan sığortalamaq istəyir. Onun fikrincə, yeni dəyişikliklər seçkilərin şəffaf keçirilməsi üçün tam imkan yaradır.