Bakıda "Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi və Milli İnsan hüquqları institutlarının rolu" mövzusunda üç günlük beynəlxalq konfrans keçirilir.
Ombudsman institutunun təşkilatçılığı ilə keçirilən tədbir Avropa Şurasının 60 illiyinə, BMT-nin İnsan Hüquqları Konvensiyasının qəbul olunmasının 20 illiyinə və Azərbaycanda "Uşaq ili"nə həsr olunub.
Konfransda dünyada və Azərbaycanda uşaqların hüquqları və uşaq ombudsmanlarının rolu ilə bağlı məsələlər müzakirə edilib. İlk öncə azərbaycanlı uşaqlar problemlərini öz deyimləri və mahnıları ilə konfrans iştirakçılarının nəzərinə çatdırıblar. Onlar dünyada çoxsaylı uşaqların münaqişələrdən əziyyət çəkdiyini, öldürüldüyünü, əlil olduğunu, aclıqdan, yoxsulluqdan, xəstəlikdən, evsizlikdən əziyyət çəkdiyini bildiriblər.
Ombudsman Elmira Süleymanova Azərbaycanda son illər uşaq hüquqlarının qorunması sahəsində ciddi addımlar atıldığını, beynəlxalq konvensiyalara qoşulduğunu deyib. "Bununla yanaşı, problemlər də qalmaqdadır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə uşaq əziyyət çəkir. Az da olsa, uşaqlar yoxsulluqdan, xəstəlikdən əziyyət çəkir, küçə uşaqlarına rast gəlmək olur. Azərbaycanda hazırda 18 AİDS-ə yoluxmuş uşaq var. Talassemiya Azərbaycanda uşaqlara xas xəstəlikdir".
Çıxışlarda əsasən Azərbaycanda uşaqların münaqişədən əziyyət çəkdiyi diqqətə çatdırılıb. "Münaqişələr həllini tapmadan Cənubi Qafqaz regionunda uşaq hüquqlarının həllini tapacağını demək olmaz", - deyə Müstəqil Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov bildirib.
Konfransda ekstremal şəraitdə, fövqəladə hallarda uşaqların müdafiəsi, uşaq hüquqları konvensiyasının Azərbaycanda tətbiqi vəziyyəti, uşaqlara qarşı zorakılığın qarşısının alınması, Rusiyada ombudsmanın uşaq hüquqlarının qorunmasında rolu, dəyişən mühitdə uşaqların sağlamlığı, başqa ölkələrin ekstremal şəraitdə uşaqların müdafiəsi təcrübəsi, hərbi münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi prinsipləri, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olmuş qadın və uşaqlar mövzusunda məruzələr dinləniləcək.
Ombudsman Elmira Süleymanova konfrans zamanı Azərbaycanda uşaq hüquqlarının qorunması və ölkədə uşaq hüquqları sahəsində problemlər barədə “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə həmçinin Azərbaycanın dünyada ekstremal şəraitdə yaşayan uşaqlarla bağlı donor yardımı etməsini humanizmi baxımından vacib aksiya olacağına ümid etdiyini deyib. Onun fikrincə, dünyada ekstremal şəraitdə yaşayan uşaqların sayı , münaqişə qurbanları ilə bağlı göstərilən statistik rəqəmlər reallıqla uyğun deyil.