Bakıda Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Böhranların idarə edilməsi üzrə milli qabiliyyət quruculuğu” mövzusunda ali təlim kursu işinə başlayıb. Ali təlim kursunda beynəlxalq ekspertlər, hərbi mütəxəssislər, Azərbaycanın təhlükəsizliklə bağlı strukturlarının nümayəndələri, NİSA-nın üzvləri iştirak edir.
Müzakirələrdə böhran menecmenti, beynəlxalq terrora qarşı mübarizə, əhəmiyyətli infrastrukturların mühafizəsi, enerji təhlükəsizliyi məsələlərinə toxunulub. Həmçinin, böhranın idarə edilməsində, milli hökumətlərin rolu və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
İzmir İqtisad Universitetinin layihələr üzrə həmdirektoru İtir Bağdadi beynəlxalq təhlükəsizliyin təmin edilməsində milli hökumətlərin rolunu mühüm hesab edir. Onun fikrincə, dövlətlərin uğursuzluğu təhlükəsizlik problemlərinin genişlənməsinə səbəb olur. “Əfqanıstanda və Somalidə terrorçular üçün münbit şərait var. Beynəlxalq terrorçuluğun genişlənməsinin qarşısının alınması daha çox dövlət iqtidarlarından asılıdır”.
Xanım Bağdadi hesab edir ki, qlobal böhrana qarşı dövlətlərin təklikdə mübarizə aparması mümkün deyil. “Dövlətlər beynəlxalq böhrana qarşı birgə mübarizə sahəsində bacarıqlarını artırmaqla qalib gələ bilər. Milli bacarıqların uğurlu və uğursuz cəhətləri müzakirə edilməlidir”.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov beynəlxalq təhlükəsizlik, böhranların milli hökumətlərə təsiri, beynəlxalq ictimaiyyətin diqqəti ilə bağlı məsələlər ətrafında danışıb. “Biz hələ ki, dünyada böhranları görürük. Bunun həllini isə görmürük. Hələ də böhranların həlli planı hazırlanmır və yoxdur” .
Nazir müavini münaqişələrdən danışarkən bunu yalnız böhran kimi xarakterizə edilməsinin düzgün olmadığını deyib. “2008-ci ilin avqustunda Gürcüstan böhranı münaqişə ilə başladı. Ancaq nəticədə dövlətin mövcudluğu üçün təhlükə yarandı. Bu ,baxımdan münaqişələrin nəticələri hamını düşündürməlidir”.
Cənab Əzimov həmçinin terrorizmin ciddi təhlilinin aparılmasına ehtiyac duyulduğunu deyib. “Terrorizm təkcə bir qrupla bağlı olmur. Bu təşkilatlar mənbələrini, adətən, işğal olunmuş ərazilərdən alır”.
Onun fikrincə, beynəlxalq böhranlara qarşı effektli mübarizə üçün milli təsisatlar gücləndirilməli və beynəlxalq sistem yaradılmalıdır.
Nazir müavini region üçün enerji təhlükəsizliyi məsələsinin çoxölçülü olduğunu deyib.