Accessibility links

Amerika və Rusiya prezidentləri Azərbaycana və regiona aid məsələləri də müzakirə edib


Amerika prezidenti Barak Obamanın Moskvaya səfəri başlayıb. Bu gün iki ölkə prezidenti arasında geniş spektrli danışıqlar keçirilib. Danışıqlarda strateji hücum silahları, nüvə əməkdaşlığı, Əfqanıstan, hərbi əməkdaşlıq, o cümlədən Qafqazda sabitlik, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunulduğu bildirilir. Xatırladaq ki, Moskva görüşündən öncə Amerika, Rusiya və Türkiyə prezidentləri arasında da telefon danışığı olub.
Azərbaycanda araşdırıcılar və politoloqlar hesab edir ki, danışıqlarda əsas diqqət regional məsələlərə deyil, daha çox qlobal məsələlərə yönəldilib. Onların fikrincə, qlobal problemlərin həllində razılıq əldə edilərsə regional problemlər həllini tapar. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə güman edir ki, Amerika və Rusiya raket başlıqlarının ixtisarı, nüvə əməkdaşlığı və Əfqanıstanda vəziyyətlə bağlı ümumi dil tapa bilər.
Eyni zamanda politoloq hesab edir ki, Rusiya hazırkı anda NATO-nun genişlənməsi, Cənubi Qafqazda sabitlik, Çexiya və Polşada Raket Əleyhinə Müdafiə Sistemlərinin yerləşdirilməsi məsələlərində Amerika ilə razılaşmayacaq.
Cənab Quluzadə iki prezidentin müzakirəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin tam həll olunacağına da inanmır. Amma, Rusiya iqtisadi yardım müqabilində münaqişənin həlli istiqamətində müəyyən güzəştə gedə bilər.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə əsas qlobal məsələlərdə iki ölkə arasında razılaşma əldə ediləcəyinə inanmır. Onun müşahidələrinə görə, Qafqaz regionu üçün maraq kəsb edən məsələlərdə tərəflər konfrantasiya nümayiş etdirir, bir-birini tənqid mövqeyində dayanır.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli də politoloqlarla eyni fikri bölüşür. Onun fikrincə, danışıqlarda yeni müstəqil dövlətlərə Rusiyanın münasibətində müsbət mənada dəyişiklik yaranması və Qafqazda sabitlik məsələsi Azərbaycan üçün aktualdır.
Politoloqlar Amerika, Rusiya və Türkiyə prezidentlərinin telefon danışığını da mühüm hesab edir. Ancaq onlar Türkiyənin regionda sabitliyin yaranmasında həlledici amilə çevrilməsi fikri ilə razı deyil. Politoloq Vəfa Quluzadə üç ölkə prezidentinin Ermənistanla Türkiyə sərhədlərinin açılması məsələsini müzakirə etdiyini güman edir. Çünki, Ermənistanla Türkiyə sərhədinin açılması məsələsi Amerika və Rusiyanın maraqlarına cavab verir.
Bununla yanaşı, Əli Kərimli Türkiyənin Cənubi Qafqazda mövqeyini möhkəmləndirməsinin Azərbaycanın maraqlarına tam cavab verdiyini düşünür.

XS
SM
MD
LG