Accessibility links

Arif Qaraşov: Zəbt olunmuş torpaq sahəsinə və qanunsuz tikiliyə mülkiyyət hüququ əldə edilə bilməz


Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov "Amerikanın səsi" radiosuna müsahibə verib. Müsahibədə daşınmaz əmlakın dövlət reyestri, qanunsuz tikililərin taleyi, ünvanların reyestri və problemlərdən danışılır.

Sual: Hazırda daşınmaz əmlakın reyestrinin aparılması vəziyyəti necədir?

Cavab: Daşınmaz əmlakın dövlət reyestrinin aparılmasına 2006-cı il aprelin 3-dən başlanıb. Ötən müddət ərzində artıq yarım milyonadək daşınmaz əmlak dövlət reyestrinə cəlb olunub. Bu isə ölkədəki daşınmaz əmlakın 15-17 faizini təşkil edir.

Sual: Ünvanların reyestri necə həyata keçirilir? Rəsmilər bəyan edib ki, yalnız Bakı şəhərində 400 mindən çox qanunsuz tikinti mövcuddur. Qanunsuz tikililərin və ünvanların reyestri necə aparılacaq?

Cavab: Ünvanların verilməsi heç də tikililər üzərində mülkiyyət hüququnu bərqərar etmir. Ünvan tikilinin yerləşdiyi yeri müəyyənləşdirən bir amildir. Bu səbəbdən ünvan insanların yaşadığı bütün tikililərə verilir. Qanunsuz tikililərin də əksəriyyəti ünvanla təchiz olunub. Qanunsuz tikililərin dövlət tərəfindən qeydiyyata alınması isə müxtəlif formalarda həyata keçirilir. Onların ümumilikdə sayı müəyyən edilir və uçotu aparılır. Ancaq, bu tikililərdə yaşayanların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həyata keçirilmir. Mülki Məcəllənin 180-ci maddəsində təsbit olunduğu kimi, zəbt olunmuş torpaq sahəsinə və onun üzərində qanunsuz olaraq inşa edilmiş tikiliyə mülkiyyət hüququ əldə edilə bilməz. Bu hətta məhkəmə mübahisəsinin predmeti də ola bilməz. 2008-ci ilin əvvəlindən daşınmaz əmlakın qeydiyyatı layihəsi Dünya Bankının dəstəyi və dünya maliyyə təşkilatının maliyyə mənbəyi hesabına həyata keçirilir. Layihənin tərkibində daşınmaz əmlakın reyestr xidmətinə aid olan "a" komponentinin subkomponenti olaraq özbaşına tikilmiş tikililərin monitorinqinin aparılması, yəni onların sayının, yerləşdiyi sahələrin, texniki xarakteristikasının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bunun da nəticəsi olaraq həmin tikililərin taleyinin həlli barədə məsələ qaldırılacaq. Düşünürəm ki, bu tikililər regionların baş planlarına uyğun yaşayış massivləri üçün nəzərdə tutulmuş yerlərdə tikilibsə, texniki durumu, arxitektor görkəmi, sanitar-texniki, yanğından mühafizə və mühəndis təchizatına olan ehtiyacları tam ödənilibsə hüququ qeydiyyatı məsələsi müsbət həll oluna bilər. Bu normalara cavab verməyən tikililər barədə isə dövlət mərhələlərlə qanunauyğun olaraq müvafiq tədbirlər görəcək.

Sual: Ancaq bir çox tikililər neftli ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, kəmərlərin üstündə, dəmir yollarının yaxınlığında, bir sözlə mühafizə zolaqlarında inşa edilib. Bunların taleyi necə olacaq?

Cavab: Belə tikililərin taleyi barədə qəti cavab vermək çox çətindir. Mövcud beynəlxalq, respublika əhəmiyyətli və yerli mühəndis kommunikasiya qurğularının mühafizə zonalarında inşa edilmiş tikililərdən söhbət gedir. Bu tikililər əlbəttə vaxtı ilə məmur özbaşınalığı, məmur göz yumması, vətəndaşların qanunvericiliyi bilməməsi və texniki normalara əməl etməməsi səbəbindən mövcuddur. Eyni zamanda, tikililərin əksəriyyəti insanların, ailələrin vahid yaşayış sahəsidir. Bununla yanaşı, həmin tikililərin qanuniləşdirilməsi, istifadəçilərə mülkiyyət hüququ sənədlərinin verilməsi qanuna tam ziddir. Sənaye kateqoriyalı torpaqlar ölkənin gələcəyi üçün çox vacibdir. Onları daim tikinti altında qoya bilmərik, eyni zamanda yaşayış üçün təhlükəli halda insanların istifadəsində daimi saxlaya bilmərik. Bu tikililər barədə qanuna müvafiq qaydada mərhələlərlə tədbirlər görüləcək.

Sual: Bir sıra torpaqların satılması barədə bələdiyyələr sərəncamlar verib. İndi isə məlum olub ki, sərəncamlar düzgün verilməyib. Burada günahkar kimdir?

Cavab: Bələdiyyələr tərəfindən torpaqların qanunsuz olaraq verilməsi müxtəlif səbəblərdən baş verib. Belə ki, bələdiyyələrin inzibati ərazisində həm dövlət, həm bələdiyyə, həm də şəxsi mülkiyyətdə olan torpaqlar var. Bələdiyyələr fərq qoymadan bu torpaqların hər üç kateqoriyası ilə bağlı alqı-satqı əməliyyatları aparıb. Məhz bu baxımdan, onların satdığı bir çox torpaqlar qeyri-qanunidir. Mövcud halda alıcıları günahlandırmaq olmaz. Belə hallar daha çox bələdiyyələrin ilkin illərində baş verib. Bunun qarşısının alınması üçün qanunda müvafiq dəyişiklik edildi. Bələdiyyə torpaqlarının satılması, icarəyə və istifadəyə verilməsi barədə əsasnaməyə də ötən ilin sonunda dəyişiklik edildi. İndi torpaq satmaq üçün bələdiyyələr dövlət reyestrindən və torpağın yerləşdiyi ərazinin kadastr xəritəsindən çıxarış almalıdır.

Bələdiyyələr öz mülkiyyətində olmayan və satış kateqoriyası üçün nəzərdə tutulmayan torpaqları heç zaman sata bilməz.

Sual: Belə mürəkkəb vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: Hazırda biz fakt qarşısındayıq. Artıq torpaqlar satılıb, müəyyən vəsaitlər bu və ya digər formada bələdiyyələrin hesabına alınıb. İnsanlar həm də vəsait sərf edərək həmin torpaqlarda evlər tikib. Əlbəttə, burada da dövlət yenə, öz humanistliyini göstərəcək. Bütün binalar ekspertiza ediləcək. Yaşamaq mümkün olan və torpaqların kateqoriyasının dəyişilməsi mümkün olan hallarda insanların mülkiyyət hüquqları bərpa olunacaq.


XS
SM
MD
LG