Accessibility links

Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm


Türkiyənin keçmiş xarici işlər naziri, NATO-nun Əfqanıstandakı baş mülki zabiti Hikmət Çətin “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Azərbaycan-NATO əlaqələri, NATO-nun regional təsirləri, Ermənistan-Azərbaycan-münaqişəsi, Rusiyanın təsirləri məsələlərindən danışılır.
Sual: Azərbaycan-NATO əlaqələrinin 15 ili tamam olur. Ötən müddətdə əməkdaşlığı necə qiymətləndirərdiniz?
Cavab: Azərbaycan bu müddətdə çox önəmli işlər görüb, NATO ilə əlaqələr, beynəlxalq təşkilatlarla münasibətlər sahəsində mühüm addımlar atıb, Avropa Şurasının, ATƏT-in üzvü olub, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı ilə əlaqələrini gücləndirib. Bu, Azərbaycanın, xüsusilə silahlı qüvvələr sahəsində beynəlxalq standartların inkişaf etdirilməsi sahəsində çox önəmlidir. Əvvəllər Azərbaycanın özünün yardıma ehtiyacı olduğu halda, indi ölkə dünyada sülhün və təhlükəsizliyin qorunmasında iştirak edir. Azərbaycan əsgərləri Türkiyə əsgərləri ilə birlikdə Əfqanıstanın təhlükəsizliyində rol oynayır. Azərbaycan ordusunu NATO standartlarında uyğun silahlandıraraq öz müdafiəsini təmin edəcək vəziyyətə gəlib. Ümid edirəm ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik təmin olunacaq və Azərbaycan NATO-nun tam hüquqlu üzvünə çevriləcək.
Sual: Azərbaycan-NATO əlaqələrinin bundan sonrakı inkişafını necə görürsünüz?
Cavab: NATO birbaşa olmasa da, münaqişələrin həllinə yardım edən təşkilatdır. Bunlardan biri də Azərbaycanla Ermənistan arasındakı münaqişədir. Azərbaycan torpaqlarının 20 faizi işğaldadır, bir milyon vətəndaş qaçqın vəziyyətindədir. Bu, regionda sülh və sabitliyə təsir edən amillərdən biridir. Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm.
Sual: Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına tam uyğunlaşması üçün hansı işlər görülməlidir?
Cavab: Bu sahədə çox böyük addım atılıb. Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Azərbaycan ordusunun NATO standartlarına uyğun qurulması prosesində önəmli işlər görülüb. Proses davam edir. Dünyada texnologiyalar sürətlə dəyişir. Dəyişən texnologiyanın Azərbaycan Silahlı Qüvvələrinə də çatdırılması və tətbiqi önəmlidir. Bu istiqamətdə işlərin uğuruna inanıram.
Sual: İndiki anda Ermənistan-Azərbaycan münaqişəsinin həlli mümkündürmü?
Cavab: Cəhdlərə baxmayaraq indiyədək münaqişə həll olunmayıb. Amma son zamanlarda dünyanın bura daha çox maraq göstərdiyini görürük. ATƏT-in Minsk qrupu mənim xarici işlər naziri olduğum zamanda təşkil edilib, amma uzun zaman keçməsinə baxmayaraq önəmli addım atılmayıb. Problemin iki dövlətin – Azərbaycan və Ermənistanın dialoqla həll edə biləcəyini düşünürəm. Prezident İlham Əliyev iki gün sonra Praqada Ermənistan prezidenti ilə görüşəcək. Xüsusilə ABŞ, Rusiya, Türkiyə və beynəlxalq təşkilatlar ikitərəfli dialoqları dəstəkləməklə münaqişənin həllinə çalışmalıdır. Münaqişənin həlli hamının xeyrinədir. Ermənistan hakimiyyəti də anlamalıdır ki, bu günə qədər probleminin həll olunmamasından ən ciddi ziyanı özü çəkib. Ermənistan münaqişəyə görə önəmli regional layihələrdən kənarda qalıb və iqtisadiyyatı ağırdurumdadır. Ermənistan rəhbərliyi münaqişənin həllinin daha çox özlərinə lazım olduğunu anlamalıdır.
Bölgənin sabitliyə ehtiyacı var. Bunun ən önəmli yollarından biri Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsidir.
Sual: Rusiya siyasətində dəyişiklik baş verməyib. Belə isə münaqişəsinin həlli istiqamətində irəliləyiş mümkündürmü?
Cavab: Bu məsələdə Rusiyanın iştirakına ehtiyac var. Rusiya bölgənin önəmli aktyorudur və ona görə də prosesdə müsbət yöndə iştirakı vacibdir. Mən son zamanlar Rusiyanın da siyasətində bəzi müsbət əlamətlər görməkdəyəm.

XS
SM
MD
LG