Accessibility links

Azərbaycanın 2009-cu il dövlət büdcəsi 12 milyard 177 milyon manatdır 


Azərbaycan Milli Məclisi “2009-cu il dövlət büdcəsi haqqında” qanunu qəbul edib. 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manatdır və bu 2008-ci il büdcəsindən 1 milyard 693 milyon manat və ya 16,1 faiz çoxdur. Büdcənin xərcləri 12 milyard 355 milyon manat olacaq və bu 2008-ci ilə nisbətən 1 milyard 294 milyon manat və ya 11,7 faiz çoxdur.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri isə 5 milyard 676 milyon manat təşkil edəcək və cari ilə nisbətən 29,9 faiz çoxdur. Büdcələrinin gəlirləri proqnozlaşdırılarkən neftin bir barelinin qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulub. Dünya bazarında hazırda neftin qiyməti 50-55 dollar arasında olmasına baxmayaraq büdcədə dəyişiklik edilməyib.

2009-cu ildə yaşayış minimumu adambaşına 84 manat, əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat, ehtiyac meyarı isə 60 manat olacaq.

Büdcənin gəlirləri və xərcləri artmasına baxmayaraq müxalifət və müstəqil ekspertlər tərəfindən tənqidlə qarşılanıb. Onlar dövlət büdcəsinin neft amilindən asılılığının ilbəil artmasından ciddi narahatdır.

Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində 2009-cu ildə Azərbaycana azı 6-7 milyard dollar ziyan dəyəcək. Ekspertin fikrincə, büdcənin gəlirləri və xərcləri arasında fərqin böyüməsi Neft Fondundan büdcəyə köçürmələrin həcminin artmasına da səbəb olacaq.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Rövşən Ağayev də büdcənin neftdən asılılığının artması və sosial xərclərin az olması narahat edir. Ekspertin fikrincə, son illər büdcə gəlirlərinin 70-80 faiz artması müqabilində bu il kəskin azalması ciddi fəsadlar yaradacaq.

Müxalifətdə olan AXCP sədri Əli Kərimli investisiya xərclərinin büdcənin 40 faizindən çoxunu təşkil etməsini, Neft Fondunun vəsaitinin qeyri-neft sektorunun inkişafına xərclənməməsini, ixracın 98 faizinin neft və neft məhsulları təşkil etməsini hökumətin büdcə siyasətinin iflası kimi dəyərləndirir. Onun dediyinə görə, büdcə sosial yönümlü deyil və xərclər investisiyalara yönəldilmək yolu sui istifadə edilir.

Cənab Kərimli hesab edir ki, əhalinin böyük hissəsinin dolanışıq vəziyyəti yaxşı deyil. Dövlət sektorunda işləyənlərdən isə xüsusi nomenklatur işçilərin əmək haqları yüksəkdir. Yüz minlərlə təhsil, səhiyyə işçisinin əmək haqqı onların ləyaqətli yaşamasını təmin etmir.


XS
SM
MD
LG