Avropa Komissiyasının xarici əlaqələr üzrə komissarı Benita Ferrero Valdner bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib.
Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar barədə komissara məlumat verib. “Bu münaqişə regionda stabitliyə və cənub dəhlizinə təhlükədir”.
Nazirin dediyinə görə, danışıqlarda həmçinin Avropa İttifaqının şərq təşəbbüsü
ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparılıb. “Müzakirədə əsasən hansı
layihələrə üstünlük verilməsi məsələləri diqqət mərkəzində olub”.
Xanım Valdner də danışıqların əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Şərq təşəbbüsü
və enerji məsələlərini əhatə etdiyini deyib. “Münaqişənin müharibə yolu ilə həll
variantı yoxdur. Azərbaycan və Ermənistan problemi sülh yolu ilə birdəfəlik həll
etməlidir. Biz iki ölkə prezidentlərinin görüşünə böyük ümid edirik. Ümid
edirik ki, tərəflər mümkün kompromisi tapacaq”.
O münaqişənin nizamlanması baxımından Minsk Qrupunu adekvat çərçivə saydığını deyib. “Avropa İttifaqı münaqişə həllini tapdıqdan sonra problemlərin həllinə kömək edə bilər. Bu bərpa işləri, qaçqınların geri qaytarılması və başqa sahələri əhatə edə bilər”, - deyə o qeyd edib.
Komissar bildirib ki, Şərq tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasətinin yeniləşməsi deməkdir. “Bu təşəbbüs çərçivəsində ikitərəfli Sazişlər imzalanacaq. Sazişlər vizaların sadələşdirilməsini, enerji əməkdaşlığını və sosial iqtisadi sahələri əhatə edəcək.
Avropa Birliyi ölkələri ilə ikitərəfli
və çoxtərəfli əlaqələrin inkişafına təkan verəcək”.
Onun sözlərinə görə, bu il mayın 7-də Avropa İttifaqı Praqada enerji sahəsində
mühüm konfrans keçirəcək.
Xanım Valdner xarici radioların yayımının bərpası məsələsini də müzakirə etdiyini bildirib. “Danışıqlarda aydın oldu ki, Azərbaycan qanunvericiliyi Avropa Şurası tərəfindən ekspertiza olunub və qanundakı müəyyən texniki müddəalara görə radioların yaymı dayandırılıb.
Ancaq nazir Azərbaycanın dialoqa açıq olduğunu dedi, yəni məsələ müzakirə oluna bilər. Ümid edirik ki, məsələ müzakirə olunub qanun daxilində həllini tapacaq”.
Nazir Məmmədyarov həmçinin medianı maraqlandıran suallara da cavab verib. O Azərbaycanın Rusiyanın Ermənistana silah və hərbi texnika verməsi ilə bağlı notasına Rusiya tərəfindən rəsmi cavab gözlədiyini diqqətə çatdırıb.
“Rusiya xarici işlər naziri bildirib ki, Azərbaycanın
notasına cavab veriləcək. Ancaq cavabın nə vaxt veriləcəyi hələ bəlli deyil.
Rusiyanın Azərbaycandakı səfiri bildirir ki, hazırda cavab hazırlanır”.
Cənab Məmmədyarov münaqişənin nizamlanmasının təməl prinsipləri ilə bağlı “Amerikanın səsi”nin sualının cavabında deyib ki, həmsədrlər əsas prinsipləri təsdiq edib.
“Helsinkidə həmsədrlər prinsiplərlə bağlı bəzi dəqiqləşdirmələrlə bağlı təkliflər
verib. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və
qaçqınlar öz doğma evlərinə qayıtmalıdır. Kompromislər yalnız bu çərçivədə ola
bilər. Həmsədrlər elə yol tapmaq istəyirlər ki, həm Azərbaycanın, həm də Ermənistanın
mənafeyinə uyğun olsun”.
Nazir “Amerikanın səsi”nin Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyü barədə sualının cavabında bildirib ki, “konstitusiyaya görə, ərazi bütövlüyünə təhlükə varsa, referendum ölkənin bütün ərazisində keçirilməlidir”.
Cənab Məmmədyarov hazırda Azərbaycan tərəfinin Şərq tərəfdaşlığı çərçivəsində imzalanmalı olan Sazişlər üzərində işlədiyini deyib. O həmçinin Şengen vizalarının Azərbaycan vətəndaşlarına verilməsi zamanı onların incidilməsi ilə bağlı faktların olduğunu da diqqətə çatdırıb
Cənab Məmmədyarov Azərbaycanın Şərq tərəfdaşlığı çərçivəsində imzalanmalı olan Sazişlər üzərində işlədiyini deyib. O həmçinin Şengen vizalarının Azərbaycan vətəndaşlarına verilməsi zamanı onların incidilməsi ilə bağlı faktların olduğunu da diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Davosda görüşü ərəfəsində, yanvarın 27-də Sürixdə iki ölkənin XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında danışıqlar olacaq.
Bir müddət əvvəl isə həmsədrlər bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri yanvarın 28-də Davosda iqtisadi forum zamanı görüşün keçirilməsinə razılıq verib.