Accessibility links

Əli Babacan: Cənubi Qafqazda problemləri həll etmək lazımdır


Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycanda səfərdədir. Nazir Babacan bu gün prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib. Görüşlərdə iki tərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

Səfərin əsas mövzusu isə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan son danışıqlar olub. Qeyd edim ki, bundan bir neçə gün öncə İstanbulda Türkiyə və Ermənistan xarici işlər nazirləri görüşüb. Dekabrın 3-də isə Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, tərəflər Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq haqqında təşəbbüsü ətrafında müzakirələrin davam etdirilməsini zəruri sayır.

Bakı və Ankara həmçinin regional enerji layihələrinə siyasi dəstəklərini təsdiq edib, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi zərurəti qeyd edilib.Nazir deyib ki, ikitərəfli münasibətlərin səviyyəsi və ruhu “bir millət - iki dövlət” düsturuna cavab verir.

Cənab Babacan isə bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər dostluq, qardaşlıq münasibətləridir və xüsusi xarakteri ilə seçilir. Onun sözlərinə görə, təkcə son il ərzində dövlət və hökumət başçıları səviyyəsində təxminən 10 və müxtəlif nazirliklər və idarə rəhbərləri səviyyəsində 30 görüş keçirilib.

Nazir eyni zamanda hesab edir ki, Cənubi Qafqazda bir çox problemlər var. “Rusiya və Gürcüstan arasında gərginlik, Ermənistan və Azərbaycan arasında münaqişə, Türkiyə və Ermənistan arasında problemlər var. Onların həllinə yardım məqsədilə Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyasını irəli sürüb. Bu problemləri həll etmək və onları gələcək nəsillərə qoymamaq lazımdır”.

Qarabağ münaqişəsinə toxunan cənab Babacan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesindəki hazırkı canlanmanı “ümidverici” hal adlandırıb. Onun fikrincə, bu səylərin mümkün uğurlu nəticəsi Türkiyə və Ermənistan arasındakı problemlərin həllinə də müsbət təsir göstərə bilər.

Nazir “Amerikanın səsi” radiosunun Türkiyənin Azərbaycanın işğal edilmiş əraziləri azad edilməzdən əvvəl Ermənistanla sərhədləri açıb-açmayacağı barədə sualına birbaşa cavabdan yayınıb. “Qarabağ münaqişəsi çox mühüm problemdir və işğal olunmuş ərazilərin azad edilməsi vacibdir. Türkiyə bütün problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır. Bizim məqsədimiz sakitlik, sabitlik və barışıqdır”.

Eyni zamanda, o, Bakıda 1918-ci ildə Bakını azad edən türk əsgərlərinin xatirə lövhəsinə baş çəkdiyinə diqqət çəkib. “Türkiyə 1918-ci ildə də, 1990-cı illərdə də Azərbaycanın yanında olub”, - deyə nazir qeyd edib

Müstəqil ekspertlər isə hesab edir ki. Türkiyənin təşəbbüsü Qafqazda sülh və sabitliyin yaranmasında o qədər də əhəmiyyətli rol oynamır. Ancaq Türkiyə münaqişələrin nizamlanma prosesində mövqeyini möhkəmləndirməkdə davam edir. Politoloq Rasim Musabəyovun fikrincə, Türkiyə təşəbbüsdə bulunmaqla xarici siyasət kursunun açıq və tərəflər üçün sərfəli olduğunu nümayiş etdirir.

Politoloq Türkiyənin Ermənistanla sərhədlərinin münaqişənin həllindən sonra və ya əvvəl açılmasının elə də böyük əhəmiyyət kəsb etmədiyini düşünür. Onun fikrincə, sərhədlər açılandan sonra Türkiyədən Ermənistana heç də strateji yüklər daşınmayacaq. Ərzaq məhsulları isə indi də Gürcüstan vasitəsi ilə daşınır.


XS
SM
MD
LG