Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda jurnalistin həbsi ilə bağlı hökumətə sorğu göndərib


“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin vəkili İsaxan Aşurov baş redaktorun tapşırığı ilə mətbuat konfransı keçirib.

Eynulla Fətullayev ötən il həbs edilib və məhkəmə onu 8,5 il azadlıqdan məhrum edib. Jurnalistə qarşı müharibə qurbanları və İranın Azərbaycana hücum ehtimalı ilə bağlı yazılarına görə ittiham irəli sürülüb.

Cənab Aşurov bildirib ki, Avropa məhkəməsi sentyabrın 9-dan Eynulla Fətullayevin şikayətinin kommunikasiya baxışına başlayıb. Belə ki, Avropa məhkəməsi Azərbaycan hökumətinə Eynulla Fətullayevin işi üzrə artıq 9 vərəqədən ibarət sorğu göndərib. Azərbaycan sorğuda qoyulan suallara 2009-cu ilin yanvarınadək cavab verməlidir.

O hesab edir ki, məhkəmə baş redaktorun şikayətinə baxılması işini sürətləndirib və məhkəmənin qərarı Azərbaycanda son zamanlar mətbuatla bağlı problemlərin həllində mühüm rol oynaya bilər. Eynulla Fətullayevin işi üzrə Azərbaycan Ali Məhkəməsi son qərarı 2008-ci il iyunun 3-də qəbul edib.

Vəkil Azərbaycanda baş redaktora qarşı münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və toxunulmazlıq hüququ, ədalətli məhkəmə araşdırılması hüququ, qanunsuz cəzalandırılmamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, fikri ifadə etmə azadlığı hüququ və səmərəli hüquqi müdafiə vasitələri hüququnun tapdandığını iddia edir.

O həmçinin deyib ki, baş redaktorun həbsinin uzadılmasına səbəb xarici işlər naziri Elmar Məmmədyarovun məktubu olub. Nazir E. Fətullayevin “Əliyevlər müharibəyə gedir” adlı məqaləsinin xarici ölkə səfirliklərində və vətəndaşlarda təşviş yaratdığını bildirib. Mən nazirə sorğu göndərmişəm ki, məqalənin hansı ölkə səfirliklərində təşviş yaratdığını sadalasın. Qanunvericiliyə uyğun olaraq, nazir sorğuya oktyabrın 9-dək cavab verməlidir. Cavab verməzsə, nazirin özünü məhkəməyə verəcəyəm.

Baş redaktor vəkilindən bundan sonra əfvlə bağlı hər hansı müraciət etməməsini də xahiş edib. Daha sonra vəkil həbsxanada müdafiə etdiyi şəxsin məlumat almaq hüququnun pozulduğunu bildirib. “ Həbsxanada Fətullayevə bir sıra qəzetlərin və kitabların verilməsinə qadağa qoyulub”, - deyə o qeyd edib.

Öz növbəsində, Ədliyyə nazirliyinin Penitensiar xidmətində vəkilin dediklərini qəbul etmirlər. Penitensiar xidmətin Mətbuat xidmətinin əməkdaşı Elçin Cəfərov bildirib ki, hər bir həbsxananın kitabxanasında minlərlə kitab var və həbsxanalar azı 12-13 adda qəzetə abunədir. “Məhbusların kitabxanaya girişi, qəzet və kitab oxuması azaddır”.

XS
SM
MD
LG