ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən
bəyanatla çıxış edib. Bəyanatda iki məsələ qabardılır. Həmsədrlər Azərbaycanın
BMT-də yaydığı sənədlərə istinad edərək bildirir ki, hüquqi müzakirələrə yol
verməyəcəklər. İkincisi isə həmsədrlər münaqişənin hərbi həllinin olmadığını
bildirir. Bu sözlərlə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Xəzər İbrahim ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmin sənədləri yayarkən birbaşa beynəlxalq
hüquq və prinsiplərə əsaslanıb və bundan sonra da əsaslanacaq. “Bu, bütün
beynəlxalq sənədlərdə, o cümlədən də BMT-nin əsasnaməsində əksini tapıb. İkinci
məqam odur ki, noyabrın 2-də üç prezident tərəfindən imzalanmış Moskva
bəyannaməsində də münaqişənin beynəlxalq norma və prinsiplər, bu çərçivədə
qəbul olunmuş sənəd və qərarlar üzərində nizamlanması qeyd edilir. Ona görə də
Azərbaycanın bu kimi addımları tam labüddür”.
Mətbuat katibi eyni zamanda, Azərbaycan prezidentinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etdiyini deyib. “Münaqişənin sülh yolu ilə həlli beynəlxalq hüquq və normalara əsaslanmalıdır”.
O həmçinin həmsədrlərin “münaqişənin hərbi həll yolu yoxdur” fikirlərinə də münasibət bildirib. “Ermənistan münaqişəni hərb yolu ilə həll etməyə çalışıb və bu gün də çalışır. Azərbaycanın əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmsədrlərin bəyanatı da məhz Ermənistan tərəfə yönəlməlidir. Ermənistandan tələb olunmalıdır ki, münaqişənin sülh yolu ilə həllinə, məhz hüquqa əsaslanan həllinə çalışsınlar, silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarsınlar”, - deyə o qeyd edib
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi
Aqşin Mehdiyev 2008-ci il dekabrın 24-də və 29-da BMT Baş Katibinə məktub
ünvanlayıb. Məktublara həmçinin iki məruzə əlavə edilib: “Ermənistanın
Azərbaycana qarşı silahlı təcavüzünün hüquqi nəticələri haqqında” və
“Dövlətlərin ərazi bütövlüyü barədə fundamental norma və xalqların öz
müqəddəratını təyin etmə hüququ Ermənistanın revizionist (təftişçi) iddiaları
işığında”.
Birinci məruzədə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün
nəticələrindən danışılır və Azərbaycanın özünümüdafiə hüququ, daha dəqiq isə,
işğal edilmiş ərazilərini hərbi yolla azad etmək hüququ əsaslandırılır.
Məruzədə münaqişənin böyüməsi və Ermənistan təcavüzünün əvvəlcə Dağlıq Qarabağ
daxilində, sonra Ermənistan və Azərbaycan sərhədlərində, daha sonra isə hər iki
ölkə arasında genişlənməsi mərhələləri ətraflı təsvir edilib. Nəticədə
Azərbaycan ərazilərinın böyük hissəsi işğal edilib.
Silahlı basqın nəticəsində zərərçəkmişlərin, BMT Nizamnaməsinin 51-ci maddəsinə
əsasən, özünümüdafiə hüququ var, deyə məruzədə qeyd edilir. Ermənistanın məsul
şəxslərinin Azərbaycana qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi
mümkünlüyü əsaslandırılır.
İkinci məruzədə beynəlxalq-hüquqi sənədlərin təhlili əsasında qeyd edilir ki,
“dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi beynəlxalq hüququn fundamental
normasıdır. Bu zaman beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmə
hüququ ayrılmaq hüququ kimi şərh edilə bilməz.
Məruzədə həmçinin qeyd edilir ki, Dağlıq Qarabağ sakinləri insan hüquqlarına
aid bütün beynəlxalq müddəalardan, o cümlədən Azərbaycanın sərhədləri daxilində
öz müqəddəratını təyin etmə hüququndan tam istifadə etmək hüququna malikdir.
Müstəqil politoloqlar Azərbaycanın BMT baş katibinə müraciətini müstəqil
dövlətin suveren hüququ hesab edir. Politoloq Rasim Musabəyovun fikrincə,
Azərbaycan BMT-nin münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb
etməlidir. Bu təşkilat öz qətnamələrinə hörmət etmirsə, bu halda Azərbaycan öz
suverenliyini bütün vasitələrdən istifadə etməklə bərpa etməlidir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına gəlincə, politoloq hesab edir ki, bu dövlətin siyasətinə qarışmaqdır. Həmsədrlər missiyasını yerinə yetirməlidir.