Azərbaycanda dünən keçirilən prezident seçkiləri gözəçarpan
irəliləyişlə keçib, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə
cavab vermədiyi nəticəsinə gəlinib. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosu, Avropa Şurasının Parlament Assambleyası və Avropa
Parlamenti müşahidəçilərinin birgə
bəyanatında deyilir.
Müşahidə missiyası hesab edir ki, seçki sakit
şəraitdə keçib, lakin güclü rəqabətin, mətbuat tərəfindən işıqlandırılan aktiv
siyasi şəraitin yoxluğu ilə xarakterizə olunub və beləliklə mənalı və plüralist
demokratik seçkilərin bütün prinsiplərini özündə əks etdirməyib. Təəssüf ki,
bəzi müxalifət partiyaları uzun müddət davam edən maneələri əsas tutaraq
seçkini boykot edib. Bu elektorat üçün mənalı seçim etmək miqyasını daha da
məhdudlaşdırıb.
ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Boris
Frlets bildirib ki, seçkilərin keçirilməsində nəzərəçarpacaq irəliləyişlər
olub, amma əsas beynəlxalq öhdəliklərin, xüsusilə də plüralizmi, ədalətli təşviqat
mühiti və mətbuatla bağlı sahələrdə yerinə yetirilməsində əlavə səylərə ehtiyac
var.
AŞPA nümayəndə heyətinin rəhbəri Andres Herkelin
fikrincə, Azərbaycanda mətbuat məsələsi narahatlıq yaradır. “Seçki günü
ümumilikdə müsbət dəyərləndirilsə də, əhəmiyyətli irəliləyişlər qeyd olunsa da,
seçki müşahidəsi insan hüquqları, demokratiya və qanunun aliliyi kimi daha
geniş meyarlar əsasında aparılıb. Bu mənada, Azərbaycanda mətbuat azadlığı məsələsi
narahatlıq mənbəyi olaraq qalır”.
Avropa Parlamentinin
nümayəndə heyətinin rəhbəri Marie Anne İşler Bequn hesab edir ki, seçki günü aparılmış müşahidələr seçkilərin yaxşı
hazırlandığını və sakit keçdiyini göstərib. “Ancaq əsas müxalifət
partiyalarının seçkini boykot etməsi və real seçki kampaniyasının yoxluğu ilə
əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması dərin təəssüf doğurur”.
Bəyanatda həmçinin qeyd
olunur ki, seçki günü, xüsusi ilə səslərin sayılmasında və hesablanmasının əsas
mərhələsində çatışmamazlıqlar müşahidə olunub, rəsmilər namizədlər üçün daha
yaxşı bərabər şəraitin yaradılmasına çalışıb və
ümumilikdə seçki səmərəli şəraitdə keçib. Müşahidəçilər qeyd edib ki,
seçki kampaniyası zəif olub, hazırkı prezident kampaniya aparmamaq qərarına
gəlib, digər namizədlər isə aydın şəkildə az ictimai dəstək qazanıb.