Dünən Avropa Şurasının Parlament Assambleyası "Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında" qətnamə qəbul edib. Sənəddə Azərbaycanda insan haqlarının və söz azadlığının vəziyyətindən narahatlıq bildirilir.
Avropa Şurası baş katibi Terri Devis bildirib ki, seçkilərin demokratik keçirilməsi üçün Azərbaycana azad media və söz azadlığı lazımdır. Baş katib eyni zamanda Azərbaycan hakimiyyətini qətnamənin icrasına çağırıb. «Əminəm ki, Azərbaycan hakimiyyəti Parlament Assambleyasının tövsiyələrinə ciddi yanaşacaq və yerinə yetirilməsi ilə bağlı qərarlar qəbul edəcək”.
AŞPA-nın qətnaməsi Azərbaycanda birmənalı qarşılanmayıb. İqtidar təəssüflənir, müxalifət və hüquq müdafiəçiləri isə reallığın tam əks olunduğunu deyir.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı sənədin Ermənistanın işğalı ilə bağlı bəndini müsbət adlandırsa da insan hüquqlarına aid hissəsinin reallığı əks etdirmədiyini deyir.
“Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunusun fikrincə, sənəddə Azərbaycanda demokratiya sahəsində problemlər tam əks olunub. Xanım Yunus qətnamədə siyasi məhbuslar probleminin əksini tapmasını da müsbət qarşılayır.
Hüquq müdafiəçisi Avropa Şurasının Azərbaycanda bu il keçiriləcək seçkilərlə bağlı yol xəritəsini sənəddə daxil etməsini də müsbət qiymətləndirir.