Accessibility links

Blogerlər ittihamı qəbul etmir


Səbail Rayon Məhkəməsində xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamları ilə günahlandırılan blogerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesi başlayıb.
İstintaq aktına görə, blogerlər restoranda iki müştərini döyüb və ittiham aktı sübut olunarsa onları 5 ilədək həbs gözləyir. Blogerlər isə ittihamı qəbul etməyib və özlərinin hücuma məruz qaldığını bildirir.
Məhkəmə kiçik zalda keçirildiyindən çoxsaylı insan açıq havada gözləməli olub. Onlar blogerləri azadlıq sədaları ilə qarşılayıb. Sinəsinə “Mən xuliqanam” yazılmış mayka geyinən bir neçə gənc saxlanıb.
Vəkillər blogerlərin həbsini sifarişli hesab edir və məhkəmədən ədalətli qərara gözləmir. Vəkil Elton Quliyevin fikrincə, məhkəmənin qərarı siyasi hakimiyyətin göstərişindən asılı olacaq.
Adnan Hacızadənin atası Hikmət Hacızadə blogerlərlə bağlı qərar qəbul edəcək şəxsləri müdrik olmağa səsləyib. Məhkəməyə isə ümidi çox azdır.
Məhkəmə prosesini izləyənlər də məhkəmə araşdırmasının ədalətli olacağına inanmır. Deputat Pənah Hüseyn məhkəmə araşdırmasının son qərara hər hansı təsirinin olmayacağını düşünür.
Hüquq müdafiəçisi Səidə Qocamanlı blogerlərin məsələsinin Avropa Şurasının payız sessiyasında qaldırılacağını deyib. Onun fikrincə, məhkəmə prosesi blogerlərin sifarişli həbsini göstərir.
Blogerlərin həbsi beynəlxalq və yerli ictimaiyyət tərəfindən də narahatlıqla qarşılanıb. Turan Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti blogerlərin həbsi ilə bağlı konqresmen Ceyms Mopanın sorğusuna cavabda bildirib ki, ABŞ əvvəlki kimi blogerlərin həbsi və həbsdə saxlanmasından narahatdır. “Narahatçılığımız blogerləri azad etmək çağırış ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb”-deyə Dövlət Departamenti qeyd edib.
“Sərhədsiz reportyorlar” mətbuatın beynəlxalq müdafiə təşkilatı isə hakim Araz Hüseynova müraciət edərək blogerləri məhkəmə zalında azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq” - deyə təşkilatın müraciətində deyilir.
Yerli ictimaiyyət isə məhkəmədən ədalətli qərar gözləmir. Rəyini soruşduğum insanlar daha çox Avropa məhkəməsinə və beynəlxalq ictimaiyyətə bel bağlayır.



XS
SM
MD
LG