Dünən “Gül bayramı”na etiraz edən yetmişədək tələbə-gənc saxlanıb. “Terrora yox!”, “Gül bayramına yox!” şüarları səsləndirən gənclər bir neçə saat saxlandıqdan sonra xəbərdarlıq edilərək, azad buraxılıb. Bundan öncə isə, müxalifətdə olan “Xalq Cəbhəsi” və “Müsavat” partiyalarının gənclər təşkilatlarının sədrləri və 4 fəalı məhkəmələrin qərarı ilə 3 sutkadan 10 sutkayadək inzibati qaydada həbs edilib.
Tələbə-gənclər aprelin 30-da Neft Akademiyasında 13 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən faciədən sonra hökumətin matəm elan etməməsinə və mayın 10-da sabiq prezident Heydər Əliyevin ad günü münasibəti ilə “Gül bayramı” keçirilməsinə etiraz bildirib.
Müstəqil “An” şəbəkəsinin həmtəsisçisi Emin Milli etiraz aksiyasını gənclərin öz vicdanı qarşısında vətəndaşlıq borcu kimi qiymətləndirir. Onun fikrincə, gənclərin dinc yolla hadisələrə münasibət bildirməsi vacibdir. Cənab Milli gənclərin bundan sonra da ölkənin demokratikləşməsi naminə hadisələrə münasibət bildirəcəyini deyib.
“İrəli” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə Neft Akademiyasında baş verən faciə ilə bağlı matəm elan etməyən hökumətin “Gül bayramı” keçirməsinə loyal yanaşır. Onun fikrincə, istənilən tədbir müvafiq icazə ilə həyata keçirilməlidir.
Dünən saxlananlardan biri, “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılıdır. O “Dalğa”çıların aksiyaya qatılmadığını, sadəcə gəzintiyə çıxdığı vaxt dörd dostu ilə birgə saxlandığını bildirir.
Hüquq müdafiəçiləri hesab edir ki, gənclərin etirazları zamanı hər hansı ictimai qayda pozulmayıb. Onlar sadəcə qara paltar geyinib, əllərində qara lent bağlanmış güllər gəzdirib. Hüquq müdafiəçisi Səidə Qocamanlı ictimai qaydanı pozmayan insanların saxlanmasını düzgün hesab etmir.
Öz növbəsində, polis qanun daxilində hərəkət etdiyini, ictimai qaydanı pozan insanlara xəbərdarlıq etdiyini bildirib. “Heç kim saxlanmayıb, xəbərdarlıq edilən hər bir şəxslə isə qanun daxilində davranılıb” – deyə Bakı şəhər Baş Polis idarəsinin növbətçi hissəsindən bildiriblər.
"Biz “Sahil” bağında və “28 May” küçəsində onlarla gəncin saxlanılmasından narahatıq. Etibar etdiyimiz mənbələrin verdiyi məlumata əsasən saxlanılma zamanı bir neçə nəfərin ziyan çəkməsi bizi xüsusilə rahatsız edir. Toplaşmaq azadlığı və söz azadlığı demokratik cəmiyyətin təməl prinsipləridir. Heydər Əliyevin söylədiyi kimi, başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır”. Bu sözlərlə isə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson dünən baş verənlərə münasibət bildirib.