Bakıda "Ali təhsil islahatı" mövzusunda iki günlük beynəlxalq seminar açılıb. Seminar Dünya Bankı və Azərbaycan Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan, İsveçrə, Böyük Britaniya, Türkiyə universitetlərinin, təhsil üzrə beynəlxalq təşkilatların, YUNESKO-nun, Dünya Bankının ekspertləri məruzə ilə çıxış edib.
Təhsil naziri Misir Mərdanov Azərbaycanın ali təhsil sistemində islahatların dərinləşdirilməsinə ciddi ehtiyac duyulduğunu bildirib. Onun fikrincə, islahatlar nəticəsində ali təhsilin məzmunu dəyişməlidir.
Nazir eyni zamanada dövlət sifarişi hesabına təhsil alan tələbələrin işlə təmin edilməsi məsələsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini deyib. Onun sözlərinə görə, əmək bazarında monitorinq aparılmalı, dövlətin və bazarın strateji maraqlarına cavab verən kadr hazırlanması siyasəti müəyyənləşdirilməlidir. M.Mərdanov hesab edir ki, ölkədə bütün ali məktəblərdə Boloniya sistempinə keçidin vaxtı çatıb. «Hazırda dövlət sifarişi ilə bir tələbənin hazırlanmasına ildə 796 manat, özəl ali təhsil müəssisələrində isə bir tələbyə 443 manat sərf olunur. Bu isə ali məktəblərin maliyyələşdirilməsinə yenidən baxılmasını zəruri edir».
Prezidentin İcra Aparatının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə ölkədə ali təhsil mühitinin dəyişdirilməsinin zəruriliyini deyib. "Sovet təhsil mühiti dəyişdirilməlidir. Tələbə-müəllim münasibətləri, tələbələrin və eyni ilə də müəllimlərin biliyinin qiymətləndirilməsinin yeni meyarları tətbiq edilməlidir».
Şöbə müdiri həmçinin texnikumların statusunun dəyişdirilməsini vacib sayır. O, regionlarda da təhsil müəssisələrinin formalaşdırılmasının vaxtının çatdığını deyib. "Regionlarda texniki-peşə məktəbləri və kolleclər açılmalıdır. Bu müəssisələrdə əsasən tibb kadrları, kompüter mütəxəssisləri, ibtidai məktəb müəllimləri və əsasən, kənd təsərrüfatı mütəxəssisləri yetişdirilməlidir".
Tədbirdə Tibb Universitetinin, Bakı Dövlət Universitetinin rektorları, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cenevrə Universitetinin, Böyük Britaniya və Türkiyə universitetlərinin ekspertləri ali təhsil islahatlarının müxtəlif aspektləri ətrafında çıxış edib.