Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri hədə-qorxu yolu ilə beş min səhiyyə işçisindən ona qarşı ifadə alındığını bildirib  


Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesinə müstəqil və müxalif jurnalistlərin buraxılması müşkülə çevrilib. Bir sıra mətbuat orqanları hər gün məhkəmə zalına buraxılsa da, müqstəqil və müxalif mətbuatın nümayəndələri müxtəlif bəhanələrlə bayırda qalır. Bu zalda yer azlığı ilə izah edilir. Reportyorların Azadlığı və Təhlükəsizliyi institunun direktoru Emin Hüseyn söz və mətbuat azadlığının pozulma halına son qoyulması üçün Ombudsmana müraciət edib. Ombudsman isə öz növbəsində məhkəməyə müraciət edib. Məhkəmə isə zalda yerin az olduğunu bildirib. Cənab Hüseyn bu vəziyyətdən də çıxış yolunu tapıb, məhkəmə prosesinin monitor vasitəsi ilə jurnalistlərə göstərilməsini təklif edib. İnstitut hətta texniki vasitələrlə məhkəməyə kömək etməyə də hazırdır, ancaq məhəl qoyulmur. «Turan» Agentliyinin məlumatına görə, bu günki məhkəmə prosesində cənab İnsanov Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə və Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəməyə şahid qismində çağrılmasını tələb edib. Sabiq səhiyyə naziri bunu istintaqın 2003-cü ildə tibb texnikumuna abituriyentlərin qanunsuz qəbul olunması barədə ona qarşı irəli sürdüyü ittihamla izah edib. Lakin hakim məhkəmə prosesinin indiki mərhələsində bu vəsatəti baxılmamış saxlayıb. Cənab İnsanov öz növbəsində deyib ki, "elə çıxır ki Səhiyyə nazirliyinin bütün işçiləri rüşvət alıb, prokurorluğun əməkdaşları isə saf insanlardır və ictimai nəqliyyatda gedib-gəlirlər". Sabiq nazirin sözlərinə görə, istintaq hədə-qorxu yolu ilə səhiyyə sisteminin 5 minə yaxın işçisindən ona qarşı ifadə toplayıb. Cənab İnsanov oğlunun adına 50 sot torpaq sahəsini özəlləşdirməsi ilə bağı ittihama da maraqlı cavab verib. «Mənim oğlumun adına olan torpağın düz yanında 2 hektapr 50 sot torpağı özəlləşdiriblər. Araşdırın görün onu kim özəlləşdirib». Bununla yanaşı, o həmin məmurun adını açıqlamayıb. Onu da qeyd edim ki, sabiq səhiyyə naziri müxalifətə keçdiyni bəyan etdikdən sonra müxalifətdə olan bir sıra partiyalar da onun hüquqlarını dəstəkləmək istiqamətində addımlar atmaqdadır. Bu gün isə Müsavat partiyasının Divanı sabiq nazirin məhkəmə prosesi ilə bağlı məsələni müzakirə edib. Müsavatın Divanı bildirib ki, bu məhkəmə prosesi də bütün əvvəlki dövrlərdə keçirilmiş siyasi proseslər kimi birtərəfli və qərəzli aparılır. «Müdafiə hüququ ardıcıl şəkildə pozulur, məhkəmə iclasının gedişinə faktiki olaraq hakim yox, prokuror nəzarət edir. Məhkəmə prosesi qeyri-şəffaf keçirilir, müxalifət və müstəqil mətbuat nümayəndələri müxtəlif bəhanələrlə iclas zalına buraxılmır. Bundan əlavə, ittiham olunan şəxsin hüquqları kobud şəkildə pozulur, onunla qeyri-insani rəftar edilir. Müsavat Partiyanın Divanı bunları yolverilməz sayır və hakimiyyətdən özbaşınalıqlara son qoyulmasını tələb edir».
XS
SM
MD
LG