Virtuoz violençelist Yo-Yo Ma və onun ansamblı İpək Yolunun ecazkar musiqisini yenidən Amerikanın konsert saraylarında səsləndirirlər. Vaşinqtondakı mötəbər musiqi səhnəsi olan Kennedi Mərkəzində Alim Qasımovun ifa etdiyi muğam çoxlarını riqqətə gətirdi. 1998-ci ildə yarandığı gündən İpək Yolu layihəsi Azərbaycan, İran, Hindistan və Çinin xalq musiqisi ənələlərinin inkişaf etdirilməsi proqramları üzərində işləyir. Alim Qasımov İpək Yolunun dörd yenilikçi musiqiçisindən biridir. Qrupun bədii rəhbəri məşhur violeçelist Yo-Yo Manın Alim Qasımovla tanışlığı bəstəkar Firəngiz Əlizadənin “Dərviş” əsərilə başlayıb. Yo-Yo Ma sənətçinin muğamı yeni üslubda ifa etməsini dinlədikdən sonra Azərbaycan musiqisini İpək Yolu ansamblı ilə ifa etmək qərarına gəlmişdir. Kennedi mərkəzində konsert zamanı yo-Yo Ma Firəngiz Əlizadənin muğamsayağı əsərini ifa etdi. Alim Qasımov Azərbaycan musiqisinin beynəxalq aləmdə tanınması üçün İpək Yolu layihəsinin böyük əhəmiyyəti olduğunu deyir. Yo-Yo Ma dünyanın bir nömərli violençelistlərdən biridir. Çoxları onu dünya diplomatı adlandırırlar. Çünki o, sənət adamlarını bir araya gətirib harmoniya, sülh və yaradıcılıq atmosferi yarada bilir. Konsertlər zamanı Alim Qasımov və onun triosundan tar çalan Maslik Mənsurov və kamança çalan Rauf İslamov İpək Yolu ançamblı iə birlikdə Fikrət Əmirovun “Kor Ərəb” və Üzeyir Hacıbəyovun Koroğlu operasından aşığın mahnısı ifa etdilər. İpək Yolu ansamblınınm musiqiçiləri üçün bu, yaradıcılıq ruhunun təntənəsi, macəralarla dolu bitməyən bir səyahətdir. Qərib yolçuların zaman və məkan anlayışından kənara çıxan bu səyahətidır.