Vitse-Prezident Dik Çeyninin dediyinə görə Amerika rəsmiləri İraqın növbəti hökumətinin qonşu İranda olduğu kimi İslam dövləti yaradacağından narahat deyillər. Vitse Prezident bu sözləri Nyu York Taymzda çıxmış məqaləyə cavab olaraq dilə gətirib. Həmin məqalədə bildirilirdi ki, İraqın Şiə ruhaniləri həmin ölkənin konstitutsiyasının İslam dini əsasında formalaşmasını istəyirlər. Foks Nyuz telekanalına verdiyi müsahibədə Dik Çeyni söyləyib ki, indidən ruhanilərin nəyə nail olmaq istədiklərini demək səhv olardı. Belə ki, İraq şiələrinin lideri Ayətulla Əli Əl Sistani aydın şəkildə bildirib ki, ruhanilər yeni hökumətdə birbaşa iştirak etməməlidirlər. Qeyd edək ki, İraq seçkilərinin erkən nəticələri Şiə koalisiyasının irəlidə getdiyini göstərir.