İraqın müvəqqəti milli təhlükəsizlik nazirinin bildirdiyinə görə, Birləşmiş Ştatlar və İraq hərbiçilərinin Fəllucədə apardıqları birgə əməliyyat müvəffəqiyyətlə başa çatıb. Şəhərin bəzi hissələrində qalan kiçik üsyançı qruplaşmalar da hazırda təmizlənməkdədir. Bu gün Qasem Davud Bağdadda müxbirlərə deyib ki, beş gün müddətində aparılan hərbi əməliyyatlar zamanı 1000-dən artıq qiyamçı öldürülüb, 200 nəfərə yaxını isə həbs edilib. Birləşmiş Ştatların hesablamalarına görə, hərbi əməliyyatlardan əvvəl şəhərdə 3000-ə yaxın qiyamçı yuva salmışdı. İraq Qızıl Aypara Cəmiyyəti nəhayət şəhərə daxil olaraq oradakı mülki vətəndaşlara yardım gətirib. Bu arada İraqıın üçüncü ən iri şəhəri olan Mosulda silahlı şəxslər küçələri dolanaraq hökumət qüvvələri ilə arabir atışmalar aparırlar. Qiyamçılar burada yeni cəbhə açmağa səy göstərirlər.