“Supermen” kino-filminin qəhrəmanı, 52 yaşlı aktyor Kristofer Riv ürək çatışmazlığından vəfat etmişdir. Krostofer Riv 1995-ci ildə atdan yıxılaraq boynunu sındırdıqdan sonra şikəst qalmışdır.
Bütün bu illər uzunu o, iflicə qalib gəlmək uğrunda mübarizə aparırdı. İlk vaxtlar Kristofer Riv yalnız xüsusi boru vasitəsilə nəfəs ala bilirdi. Sonradan o nəinki müstəqil nəfəs almağa başlamış, hətta uzun məşqlərdən sonra nəhayət 2000-ci ildə şəhadət barmağını tərpətməyə nail ola bilmişdi. Bundan sonra Kristofer Riv ayaqları və qollarını möhkəmlətmək üçün xüsusi hərəkətlər etməyə başlamışdır. Kristofer Riv ABŞ Konqresi qarşısında şikəstlərin daha yaxşı sığorta edilməsi məsələsini qaldırmış və Oskar mükafatlarının təqdimatı mərasimində çıxış edərək daha çox sosial mövzulara həsr olunmuş filmlərin çəkilişinə çağırmışdır. Dünyada milyonlarla insan Kristofer Rivin bu mübarizəsinə bir ümid kimi baxırdı.