Üç həftə əvvəl İraqda girov götürülən Kennet Biqlinin qətlə yetirildiyi təxmin edilir. İraq və Londondan alınan xəbərlədə 62 yaşlı britaniyalı mühəndisin başının kəsildiyi deyilir. İraqdan alınan digər bir xəbərdə Amerikanın döyüş təyyarələrinin Fəllucə şəhərində terrorçuların istehkamı olduğundan şübhələnilən binaya havadan hücumu nəticəsində 12 adamın həlak olduğu, 17-nin isə yaralandığı deyilir. Sakinlər və yerli həkimlərin bildirdiyinə görə ölənlər və yaralananlar toy mərasiminə toplaşmış qonaqlar idilər. Bəy öldürülənlər arasında olmuş, gəlin isə yaralanmışdır. Amerikanın hərbi qüvvələri buna münasibət bildirməyib. Hərbi qüvvələrin bəyanatında hücumun gecə saat 1:15-də həyata keçirildiyi və Əbu Müsab Əl-Zərqavinin şəbəkəsinin yığıncaq üçün həmin binaya toplaşdığı bildirilir.