Əfqanıstanda keçiriləcək ilk prezident seçkilərinə iki həftə qalır. Bu ərəfədə BMT-nin sponsorluq etdiyi təşkilat Pakistanda yaşayan minlərlə Əfqan qaçqınıni səs vermək üçün qeydiyyatdan keçirməyə çalışır.
Pakistanda məkunlaşmış bir milyon yarım Əfqan qaçqınını qeydiyyatdan keçirmək üçün həyata keçiriləcək 3 günlük təşəbbüs proqramı Oktyabrın 1-də start götürəcək. BMTnin sponsorluq etdiyi Beynəlxalq Miqrasiya Təşkilatı Pakistanın Əfqanıstanla sərhədində yerləşən iki vilayətində və İslamabadda 1600 qeydiyyat məntəqəsi açıb. Məqsəd şəhərdə və qaçqın düşərgələrində yaşayan 800 min Əfqanı qeydiyyatdan keçirməkdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Pakistandakı direktoru Piter Erben öz gördüyü işdən böyük ilham alır. Onun fikrincə qaçqınlar seçkilərə gəldikdə nikbin və realistdirlər.
Onlar ölkələrinin üzləşdiyi çətinliklərin böyük olduğunu dərk edirlər. Amma eyni zamanda əksəriyyət buna dönüş nöqtəsi kimi baxır. Didərginlər ümid edirlər ki, bu seçkilər Əfqanıstana sabitlik və təhlükəsizlik bəxş edərək onlara öz vətənlərinə qayıtmağa imkan verəcək.
Əfqanlar Oktyabrın 9-da növbəti 5 il ərzində kimin prezident olacağını müəyyənləşdirəcəklər. Prezidentlik uğrundakı yarışda iqtidarda olan Həmid Karzaidən əlavə 17 namizəd iştirak edir.