Accessibility links

"Sərhədsiz reportyorlar" Rauf Arifoğlunun həbsini məhkum edir - 2003-10-28


Qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun üç ay müddətinə həbsə alınmasını qeyd edərək Azərbaycanda iki həftə ərzində kütləvi informasiya vasitələrinə qarşı təqib kampaniyasını mühakimə edir. Jurnalistlərin fəaliyyəti yolunda yaradılan əngəllər, müxalifət mövqeyində dayanan kütləvi informasiya vasitələrinin nəşrinə və yayılmasına törədilən çətinliklər, jurnalistlərin həbsi, onların polis tərəfindən təqib olunması və zorakılığa məruz qalması, eləcə də oktyabrın 15-dən sonra hökümətin onları hədələməsinin mətbuatın susdurulması kampaniyasının yalnız başlanğıcı olduğundan ehtiyat etdiyini bildirir. "Sərhədsiz reportyorlar" Rauf Arifoğlunun həbsinə görə xüsusi narahatlıq keçirdiyini bəyan edir və rəsmiləri dərhal onu azad etməyə və jurnalistlərin təqibinə son qoymağa çağırır. “Rauf Arifoğluna qarşı prezident seçkilərində baş nazir İlham Əliyevin qələbə çaldığı elan edildikdən sonra nümayişlər təşkil etmək ittihamı irəli sürülüb. Həm Avropa Şurası, həm ATƏT seçkilərin qanuniliyini şübhə altına almışlar”-deyə bəyanatda qeyd edilir. Burada daha sonra deyilir ki, Rauf Arifoğlunun oktyabrın 17-də həbsinə cəhdlərdən sonra o, Norveç səfirliyində sığınacaq almağa məcbur olmuşdu. Halbuki Daxili işlər naziri ona qarşı heç bir təhlükənin olmadığını və onun həbsinin gözlənilmədiyini demişdi. "Sərhədsiz reportyorlar" qeyd edir ki, “Müsavat” partiyasının qərargahı ilə bir binada yerləşən "Yeni Müsavat" qəzetinin ofisinin girişi oktyabrın 16-dan polis tərəfindən bağlanmışdır. Qəzetin əməkdaşlarının çox hissəsi "Azadlıq" qəzetinin redaksiyasında müvəqqəti yerləşməyə məcbur olmuşlar. Təşkilat Parlamentin üzvü, deputat Amaliya Pənahovanın oktyabrın 26-da mətbuat konfransında höküməti tənqid edən jurnalistlərin sıradan çıxarılmalı olduqlarını deməsi qeyd edir. Bəyanatda deyilir ki, hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetində bir neçə gündür ki, hökuməti tənqid edən jurnalistlərə qarşı təhqiredici yazılar dərc edilir.

XS
SM
MD
LG