Accessibility links

Azərbycanda səçkilər ilə bağli xəbərlər - 2003-10-22


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda oktyabrın 15-də keçirilmiş prezident seçkilərindən dərhal sonra müxalifət nümayəndələrinin həbsinə başlanılması ilə əlaqədar "dərin narahatlıq" keçirdiyini bildirib. ATƏT-in nümayəndəsi Krisçen Ştrohal bu gün Varşavada deyib ki, səsvermə prookollarına qol çəkməyən məntəqə seçki komissiyası üzvlərinin həbs olunması qəbuledilməzdir. Seçkilərdə İlham Əliyevin qələbə çaldığı elan edildikdən qısa müddət sonra baş verən ixtişaşlar nəticəsində azı bir nəfər həlak olmuş, müxalifətin yüzlərlə tərəfdarı və lideri həmçinin çoxlu jurnalist həbs olunmuşdur. Cənab Ştrohal qeyd etmişdir ki, ATƏT seçkilərdən sonra siyasi müxalifətə geniş surətdə divan tutulmasını məhkum edir. ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları bürosunun sözçüsü, mətbuat və ictimaiyyət məsələləri üzrə müşaviri xanım Urdur Qunnarstodir radiomuza verdiyi açıqlamada bildirirb ki, ATƏT Bürosunun direktoru Kristian Ştrohal bu günkü bəyanatında seçkilərin nəticələri üzrə məntəqə və dairə səsvermə protokollarını imzalamaqdan imtina edən bir çox seçki komissiyaları üzvlərinin saxlanılmasını "pisləyib" və vurğulayıb ki, "Komissiya üzvlərinin təzyiq altında və ya onların ailə üzvlərinə hədə-qorxu gəlmək yolu ilə səsvermə protokollarını imzalamağa məcbur edilməsi tamamilə yolverilməzdir". Səfir Ştrohal bəyan edib ki, "Seçki komissiyalarınınöz vəzifələrini vicdanla yerinə yetirmiş bütün üzvlərinin təhlükəsizliyi təmin edilməlidir və həbs edilənlər dərhal azad olunmalıdır". ATƏT/DTİHB direktoru həmçinin bütün ölkə üzrə müxalifətin küçə qarşıdurmalarında iştirak etməyən 100-ə qədər lider və fəalın həbs edilməsi haqda məlumatların olduğunu bildirib və qeyd edib: "Seçkidən sonrakı dövr müxalifətin boğulması dövrü olmamalıdır... Hadisələrin bu cür dönüşü bizi dərindən kədərləndirir". ATƏT-in missiyasının bəyanatında 15 oktyabr prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi bildirilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının başçısı Piter Ayker TURAN Agentiliyinə bildirib: "Biz Azərbaycanda hal-hazırda gedən həbslərə və bu cür vəziyyətlə əlaqədar narahatlıq keçiririk. Bizdə məlumat var ki, həbs olunanların əksəriyyətinin Bakıda 15-16 oktyabrda baş vermiş hadisələrdə əli yoxdur". O qeyd edib ki, onu ən çox narahat edən məntəqə və dairə seçki komissiyaları üzvlərinin saxlanılması faktlarıdır. Bunun "yolverilməz" olduğunu eyərək, Ayker bildirib ki, o, bu barədə öz narahatlığını iqtidara artıq ifadə edib. Piter Aykerin sözlərinə görə, seçkilərin dəyərləndirilməsində onun mövqeyi dəyişməyib: "Mən belə hesab edirəm ki, Azərbaycandakı prezident seçkiləri beynəlxalq standartlara cavab verməyib və seçkilərdən əvvəl və sonra baş vermiş bütün hadisələr ATƏT-in DTİHB-in seçkilərdən sonrakı 30 gün ərzində hazırlayacağı hesabatında tam əksini tapacaq". Son günlərdə baş verən hadisələri dəyərləndirərək, Ayker əlavə edib ki, hələ Azərbaycana gəlməmişdən əvvəl o, demokratik ölkədə zorakılığın yolverilməz olduğundan danışıb: "Mən burada polis tərəfindən zorakılığın şahidi oldum və bunu pisləyirəm".

XS
SM
MD
LG