Accessibility links

İraqda ABŞ və Britaniya qüvvələrinə qarşı hücumlar davam edir - 2003-06-24


Rəsmi nümayəndələr və şahidlər Bağdaddan qərbdə Ramadi şəhərində namə’lum şəxslərin səhər tezdən Birləşmiş Ştatların keşik çəkən əsgərlərinə qarşı hücum həyata keçirdiyini bildiriblər. Bundan bir qədər sonra Falluca şəhərində namə’lum hücumçular elektrik stansiyasında keşik çəkən Amerika əsgərlərinə raketdən qumbaralar atmışlar. Britaniyanın müdafiə nazirliyi hərbi qüvvələrin cənubda, Bəsrə yaxınlığındakı kəndin ətraflarında atəşə tutulduğunu xəbər verir. Hadisə nəticəsində bir neçə əsgərin yaralandığı deyilir. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmi nümayəndələri hadisələrə görə hakimiyyətdən devrilmiş Səddam Hüseyn rejiminə sadiq qalan kiçik bir qrupun məs’uliyyət daşıdığını bildirirlər. İraq fəallarının dediyinə görə, Səddam Hüseynin ələ keçirilib-keçirilməməsi, ya da onun ölüb-ölmədiyi haqda mə’lumatların təsdiq edilməməsi rejimə sadiq qüvvələrin hücumları davam etdirməsinin əsas səbəbidir.

XS
SM
MD
LG