Accessibility links

Amerikada müharibəyə etiraz aksiyaları davam edir - 2003-03-21


İraq müharibəsinə e’tiraz məqsədi ilə dünən Amerikanın 500-ə yaxın şəhərində sülh naminə şam yürüşləri və nümayişlər keçirilib. Nümayişlər Amerikanın şərq sahilindən qərb sahilinədək yer alıb. Minlərlə nümayişçi müharibənin başladığı təqdirdə vətəndaş itaətsizliyi aksiyalarını keçirəcəkləri barədə və’dlərini yerinə yetirib. “Vaşinqton Post” xəbər verir ki, Filadelfiya şəhərinin mərkəzində yerləşən federal binanın girişini bağlamış 100-ə qədər nümayişçi həbs edilib. Nyu Yorkda 300-ə qədər nümayişci şəhərin mərkəzindəki Times Square meydanına toplaşaraq, avtomobil nəqliyyatını saxlayıb. Bu aksiyaların ən böyüklərindən biri də Çikaqoda təşkil edilib. On minə yaxın adam yürüş keçirərək, şəhərin mərkəzi prospektində nəqliyyatı dayandırıb. Nümayişcilərin digər avtomagistralı bağlamalarının qarşısını almaq məqsədi ilə oraya çoxsayda polisin gətirildiyi bildirilir. Lakin San Fransiskoda keçirilmiş aksiyanın tayı-bərabəri yox idi. “Vaşinqton Post” xəbər verir ki, nümayişçilər şəhərin küçələrini sözün əsl mə’nasında ələ keçirib. Səhər saat 6-dan e’tibarən küçələrə çıxmağa başlayan nümayişçilər bir saat ərzində şəhərin maliyyə kvartalı, həmçinin, məşhur Bay Bridge körpüsündəki nəqliyyatı tamamilə dayandırıblar. Özlərini biri birinə plastik və dəmir borularla bağlamış nümayişciləri ayırmaq üçün yanğınsöndürənlər elektrik mişarlardan istifadə etməli olub.

XS
SM
MD
LG