Accessibility links

Aspirinin ürək xətstəliklərinin müalicəsinə təsiri - 2003-02-08


Həkimlər dünyanın hər yerində arteriyaların dəyişdirilməsi sahəsində hər il bir milyona yaxın əməliyyat keçirirlər. Texniki vasitələrin indi daha yüksək inkişafına baxmayaraq, əməliyyatların təxminən 15 faizi ölüm, ya da əməliyyatdan sonrakı infarkt, qan sızması, böyrəklərin sıradan çıxması və başqa problemlərlə nəticələnir. Şimali və Cənubi Amerika, Avropa, habelə Yaxın Şərq və Asiya ölkələrinin bir çoxunda keçirilmiş tədqiqatlar adi aspirinin bu problemlərin həllinə yardım etdiyini göstərmişdir.

“Əməliyyatdan dərhal sonra qəbul edildikdə aspirin bu problemlərin qarşısını almağa kömək edir.”

Bu sözləri San Fransiskoda İşemiya tədqiqatları və tədrisi fondundan mütəxəssis, beynəlxalq tədqiqat qrupuna rəhbərlik edən Dennis Manqano deyir. Tədiqatın nəticələri bu yaxınlarda Amerikanın tibb jurnalında dərc olunmuşdur. “Bu ilk dəfədir ki, ürək şuntlama əməliyyatı adlanan proseslə əlaqədar yaranmış bə’zi problemlərin qarşısını almaq üçün müalicə üsulu tapılmışdır. “

Həkimlərdən ibarət beynəlxalq qrup belə bir nəticəyə gəlmişdir ki, əməliyyatdan sonra iki gün ərzində 600 milliqram aspirin qəbul edən xəstələrin üçdə bir hissəsində ölüm halları müşahidə olunmur. Bu xəstələrin yarısında sonradan infarkt, ya da beynə qan sızması, dörddə birində isə böyrəyin funksiyasını yerinə yetirə bilməməsi halları olmur. Digər ən mühüm nəticə ondan ibarətdir ki, əməliyyatdan əvvəl aspirin qəbul etməyi dayandıran xəstələr, onu qəbul etməyə davam edən xəstələrə nisbətən daha çox ölürlər. Bu, əslində, təbabətdə qəbul olunmuş ümumi prinsipə ziddir. Çünki cərrahların çoxu hesab edir ki, əməliyyatdan əvvəl, ya da sonra aspirin qəbul etmək qanın laxtalanması prosesinə əks tə’sir göstərə bilər və bunun nəticəsində daxili qanaxma baş verə bilər. Lakin həkim Manqanonun qrupu belə bir nəticəyə gəlmişdir ki, aspirin qəbul etmiş xəstələrdə daxili qanaxma onu qəbul etməyənlərlə müqayisədə daha az baş verir.

“Bizim nəticələrimiz onu göstərir ki, bir, ya da iki aspirin nə daha çox qanaxma, nə də başqa problemlər yaratmır və ümumiyhətlə, qorxulu deyil.”

Həkimlər adətən, aspirini infarkt riski yüksək olan, ya da artıq bir dəfə infarkt keçirmiş adamlara tə’yin edirlər. Lakin Amerika Ürək Assosiasiyası aspirinlə müalicəni ürəkdə cərahiyyə əməliyyatından bir həftə, ya da daha əvvəl kəsməyi məsləhət görür. Ekspertlərin fikrincə, yeni tədqiqatlar bu qaydanı və hazırkı cərrahiyyə parktikasını dəyişə bilər.. Erik Topol Amerikanın əsas ürək cərahiyyəsi mərkəzi olan Klivlend klinikasında kardioloqdur.

“ Əldə olunan nəticələr dərin və əsaslıdır, əməliyyatdan sonra xəstələrin ömürlərini uzaltmaq şansları yüksəlir, hər bir problem, ya da çox ciddi problemlərin yaranmasının qarşısı alınır, eləcə də qanaxma azalır. Bütün bunlar çox böyük nəticələrdir.”

Lakin Erik Topol əlavə edir ki, tədqiqatın nəticələri iki səbəbə görə şişirdilmiş ola bilər. Əvvəla, aspirinlə müalicə üçün xəstələr təsadüfi deyil, cərrahların özləri tərəfindən seçilmişdilər, bu isə nəticələrə tə’sir göstərə bilərdi. İkincisi, yalnız ən yaxşı xəstəxanalarda xəstələrə aspirin verilir. Buna görə də xəstəxanalarda müalicənin keyfiyyəti baxımından fərqlər də nəticələrə tə’sir edə bilərdi.

Həkim Denis Manqano başqa fikirdədir.

“Ən’ənəvi olaraq, tədqiqat üçün xəstələri təsadüfi olaraq seçməli olduğumuza baxmayaraq, bütün xəstələrin aspirin qəbul etməyə başlaması ağlabatan qərardır.”

Doktor Manqano deyir ki, çatışmazlıqlar dünyanın 17 ölkəsində mütəxəssislərin gəldiyi nəticələrlə müqayisədə kiçik görünür.

XS
SM
MD
LG