Birləşmiş Ştatların Birgə Qərargahlar rəisi, general Riçard Mayers Ankaranın İraqla mümkün müharibədə dəstəyi məsələsini Türkiyənin hərbi qüvvələrinin rəsmi nümayəndələrilə müzakirə etmək üçün Türkiyədə səfərdədir. Yüksək səviyyəli hərbi nümayəndələrlə görüşdükdən sonra müxbirlərin suallarına cavab verən general Birləşmiş Ştatların Amerika mətbuatının yazdığı kimi, Türkiyənin mövqeyindən narazı olmadığını deyib. General Riçard Mayers İraqla müharibədə Birləşmiş Ştatların Türkiyədən məhz hansı yardımı gözlədiyi məsələsini açıqlamaqdan imtina edərək Türkiyənin Vaşinqtonla münasibətlərdə yüksək əməkdaşlıq prinsiplərinə sadiq qaldığını xüsusi vurğuladı.
“Mən Ankaranı əvvəllər bir çox Amerikalının tərk etdiyi kimi tərk edirəm. Strateji əməkdaşlığa inam və regionda sülh və sabitliyin bərqərar olması məsələsində hər iki ölkənin vahid bir mövqedən çıxış etdiyini görərək tərk edirəm.”
Müharibəyə hazırlıqların davam etməsinə baxmayaraq, general Mayers qeyd etdi ki, Buş administrasiyası İraqla müharibənin qaçılmaz olmadığına inanır. 1991-ci ildə Körfəz müharibəsi zamanı Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələri üçün öz hərbi bazalarını açan Tükiyənin bu dəfə də bunu edəcəyi gözlənilir. Birləşmiş Ştatların 150 nəfər hərbi texniki işçisi İraqla mümkün yeni müharibə zamanı hərbi bazalar və limanların istifadəyə yararlı olub-olmamasını öyrənmək üçün hal-hazırda Türkiyədədir. Türkiyə qanunlarına əsasən, xarici qüvvələrin ölkədə yerləşdirliməsinə parlament razılıq verməlidir. Rəsmi nümayəndələr Birləşmiş Ştatların piyada qüvvələrin 15 mindən 20 minə qədər əsgərini yerləşdirmək üçün baza axtardığını təsdiqləyiblər. Amerikanın hərbi qüvvələri İraqın hərbi qüvvələrinə qarşı kürdlərin nəzarəti altında olan bölgələrdə şimal cəbhəsi açmaq üçün Türkiyə ərazisindən tranzit kimi istifadə edə bilərlər.