<!-- IMAGE -->Misirin başçılığı ilə İslam dövlətləri Sudanın müharibədən ziyan dəymiş Darfur regionunda yenidənqurma işləri üçün 2 milyard dollar ayırmağa çalışır. İslam Konfransı Təşkilatı – İKT Darfurda səhiyyə, əmlak, su və kənd təsərrüfatı layihələrinə maliyyə vəsaiti ayrılması məqsədilə Qahirədə bir günlük toplantı keçirir. Bu gün nümayəndələrə müraciət edən Misirin xarici işlər naziri Əhməd Əbül Qeyt deyib ki, Darfurda başlıca məsələ inkişafa nail olmaqdır və regionda münaqişənin həlli üçün əhalinin rifahının yaxşılaşdırılması vacibdir. Qeyt Sudan hökuməti ilə Darfurun iki yaraqlı hərəkatı arasında əldə olunmuş atəşkəs razılaşmasını müsbət qarşılayıb. O, tərəfləri ədalətli, müfəssəl və tam sülh sazişi üçün birgə işləməyə çağırıb.