Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə blogerlər Emin Milli və Adnan Hacızadənin şikayətinə baxılması davam edir. Bu gün məhkəmə iclası yenidən martın 10-dək təxirə salınıb.
Blogerlərin vəkilləri iş üzrə zərərçəkmiş kimi tanınmışların yenə məhkəməyə gəlməməsinə etiraz bildirib.
Blogerlər Adnan Hacızadə və Emin Milli 2009-cu il noybarın 11-də xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar 2009-cu il iyulun 8-də Bakıdakı kafelərdən birində dava salmaqda ittiham edilib. Blogerlər ittihamı qəbul etmir. Vəkillər ittihamın düzgün olmadığını və məhkəmənin qərarının ədaləti əks etdirmədiyini bildirib. Beynəlxalq təşkilatlar və
hüquq müdafiəçiləri blogerlərin internetdə hökumətin tənqidi əks olunan satirik video material yerləşdirdiyinə görə həbs edildiyi qənaətindədir.
Bloger Adnan Hacızadənin atası Hikmət Hacızadə “Amerikanın səsi” radiosuna müsahibəsindəməhkəmə araşdırmasının və hökmünün ədalətə söykənmədiyini bildirib. Onun fikrincə, blogerlərə qarşı irəli sürülmüş ittiham real deyil. “Biz məhkəmənin qərarından yuxarı instansiyalara şikayət edəcəyik. Ədalət bərpa edilənədək mübarizəmizi davam etdirəcəyik”.
Cənab Hacızadə həmçinin təcridxanada saxlanan blogerlərlə valideynlərinin görüşünə icazə verilmədiyini deyib. “Orada saxlanma şəraiti yaxşıdır, istilik sistemi, su var. Apardığımız yeməklər qəbul edilir. Ancaq görüşə icazə verilmir”.
O yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, həmçinin media orqanlarına təşəkkürünü bildirib. “Media və vətəndaş cəmiyyəti blogerlərin hüquqlarının müdafiəsi üçün geniş iş aparır”.
Cənab Hacızadə ölkədə istintaq və məhkəmə orqanlarında geniş və hərtərəfli islahata ehtiyac duyulduğunu diqqətə çatdırıb.