<!-- IMAGE -->
İran rəsmiləri ölkədən kənarda həbs olunmuş sünni yaraqlı qrupunun başçısı Əbdülmalik Riginin Birləşmiş Ştatlarla əlaqəsi olduğunu deyirlər. İranın dövlət mediasının məlumatında deyilir ki, Əbdülmalik Rigi təhlükəsizlik qüvvələri tərəfindən Dubaydan Qırğızıstana uçarkən həbs edilib. Rigi İranda ölümlərlə nəticələnən bir neçə hücum həyata keçirməkdə ittiham edilən yaraqlı Cundallah qrupuna başçılıq edir. İranın dövlət televiziyası kəşfiyyat naziri Heydər Moslehiyə istinadən bildirib ki, Əbdülmalik Rigi yaxalanmazdan 24 saat əvvəl ABŞ hərbi bazasında olmuş və amerikalılar ona Əfqan pasportu vermişlər. İran Birləşmiş Ştatları İranda stabilliyi pozan Cundallahı maliyələşdirməkdə ittiham edir. Vaşinqton isə bu ittihamları rədd edir.