ABŞ-ın xüsusi
nümayəndəsi deyir ki, Birləşmiş Ştatlar Talibanla birbaşa danışıqlar aparmır,
ancaq administrasiya Əfqanıstan hökumətinin yaraqlılarla döyüşləri dayandırmaq
səylərini dəstəkləyir. Amerikanın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard
Holbruk mətbuatın ABŞ-ın Taliban nümayəndələri ilə gizli görüşləri barədə iddialarını
təkzib edib. Münih şəhərində açıqlama verən cənab Holbruk deyib ki, Vaşinqton
Əfqanıstan hökumətinə döyüşlərə son qoymaq istəyən yaraqlılara əl uzatmaq
səylərinə görə təşəkkürünü bildirir. Ancaq onun sözlərinə görə, bu səylərlə
yanaşı, döyüş meydanında da hərbi uğur əldə olunmalıdır. Bu arada NATO-nun
bildirdiyinə görə, onlar korrupsiya və yolkənarı bomba şəbəkəsi ilə təmas qurma
iddiası ilə bir əfqan polis zabitini nəzarət altına alıblar.