Accessibility links

Azərbaycan parlamentində jurnalistlərin həbsdən azad edilməsi məsələsi qaldırılıb


Azərbaycan Milli Məclisinin yaz sessiyası açılıb. İlk iclasda deputatlar həbsdə olan jurnalistlərin azad edilməsi və “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı məsələlər qaldırıb.
Müxalifətdə olan “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn bir neçə gün əvvəl akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı məhkəməyə verdiyini xatırladıb və buna etiraz bildirib. Onun fikrincə, jurnalistlərə qarşı təzyiqlər dayandırılmalı, “Diffamasiya haqqında” qanun qəbul edilməlidir.
“Ümid” Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin işindəki motivlər quramadır və bu həbs üçün əsas ola bilməz. Deputat məhkəmədə Qənimət Zahidin üzünə duran qadının həmin vaxt axtarışda olduğunu diqqətə çatdırıb.
Cənab Ağazadə həmçinin, həbsxanada Eynulla Fətullayevin üstündən narkotik tapılmasına inanmır. Onun fikrincə, həbsxanaya narkotik keçirilməsinə görə penitensiar xidmət məsuliyyətdaşıyır.
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasına üzv ölkələrin çoxunda “Diffamasiya haqqında” qanun olmadığını vurğulayıb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, diffamasiyaya dair qanunun qəbulu üçün zaman yetişməlidir. Cənab Əsgərov eyni zamanda, jurnalistlərin həbsdən azad edilməsini düzgün hesab etmir. Çünki hamı qanun qarşısında bərabərdir.
Deputat Pənah Hüseyn bu mövqe ilə razılaşmır və diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılmasını vacib sayır. Onun fikrincə, böhtan jurnalistlərin həbsi üçün sanki, bir ənənəyə çevrilib.
Elə bu gün, Nizami rayon məhkəməsi akademik Cəlal Əliyevin iddiası üzrə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı böhtan maddəsi ilə xüsusi icraat qaydasına irəli sürdüyü iddianın baxışına başlayıb. Qəzetdə prezidentin narazı qaldığı obyektin -“Bakı” mehmanxanasının, - sahibinin Cəlal Əliyev olduğu iddia edilir. Yeri gəlmişkən, Cəlal Əliyev prezident İlham Əliyevin əmisidir. Azər Ayxan isə məqaləsində təhqir və böhtanın olmadığını deyir.

XS
SM
MD
LG