Accessibility links

Mikloş Haraşti: Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət pisləşir


Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət pisləşir. Azərbaycanda jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən saxta cinayət törətmə ittihamları ilə təqibi təcrübəsi mövcuddur.

Bu barədə Turan Agentliyi ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin yanvarın 27-də Strasburqda keçirdiyi mətbuat konfransında dediklərinə istinadən məlumat yayıb.

Buna misal kimi cənab Haraşti gənc blogerlər Emin Milli və Adnan Hacızadəyə qarşı cinayət işini göstərib. "Onlar hadisənin qurbanı olduqlarına və zərər çəkdiklərinə baxmayaraq, özləri cinayət məsuliyyətinə cəlb olunublar".

O bildirib ki, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışdığı 6 il ərzində bir neçə dəfə Azərbaycana səfər edib və 3 dəfə prezident İlham Əliyevlə görüşüb, amma ölkədə KİV azadlığı sahəsində vəziyyət pisləşib.

Cənab Haraşti əmindir ki, prezident Əliyev jurnalistlərin cinayət təqibini dayandıra bilər. “Bundan başqa, hüquq-mühafizə orqanlarına xatırladılmalıdır ki, onların vəzifəsi jurnalistləri cəzalandırmaq yox, müdafiə etməkdir”.

Naxçıvanda mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı syualın cavabında o deyib ki, "vəziyyətin ağır olduğu barədə" məlumatı var. "Bu regionda vəziyyət coğrafi və siyasi nöqteyi-nəzərdən çox mürəkkəbdir. Bütünlükdə Azərbaycanda avtoritar idarəetmə elementləri varsa, Naxçıvanda tam avtoritarizm hökm sürür".

Öz növbəsində, AŞPA-nın KİV azadlığı üzrə məruzəçisi, Britaniyalı parlamentar Endryu Makintoş (Andrew McINTOSH) bildirib ki, 2 il əvvəl Bakıda olub və prezident Əliyevlə görüşüb. Onun sözlərinə görə, cənab Əliyev onu inandırıb ki, "heç bir problem yoxdur və 6 ay ərzində bütün qalan problemlər həll ediləcək. Amma ötən iki ildə vəziyyət dəyişməyib", - deyə Makintoş qeyd edib.

XS
SM
MD
LG