ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar 2007-ci ildə Bağdadda insan ölümülə nəticələnmiş atışmaya cəlb olunmuş amerikalı mühafizəçilərə qarşı ittihamın götürülməsi haqda məhkəmənin qərarını apellasiya edəcək. Co Bayden bu açıqlamanı Bağdadda İraq liderlərilə görüşdən sonra verib.
Blackwater şirkətinin beş mühafizəçisinə qarşı Bağdadda silahsız mülki vətəndaşlara atəş açmaq ittihamları irəli sürülmüşdü. Hadisə 17 adamın ölümülə nəticələnmişdir.
ABŞ-ın federal hakimi mühafizəçilərə qarşı ittihamların götürülməsi haqda qərar çıxararaq, ABŞ hökumətinin onların konstitusiya hüquqlarını pozduğunu bildirmişdi. Qərar iraqlıların çoxunu qəzəbləndirmişdi.
Vitse-prezident Bayden İraqın yüksək səviyyəli rəsmilərilə İraq hökumətinin komitəsinin qarşıdan gələn seçkilərdə yüzlərlə namizədin iştirakını qadağan edən qərarla bağlı müzakirələr aparmışdır. Co Bayden bu gün İraqın Baş naziri Nuri əl-Məliki ilə görüşüb, prezident Cəlal Talabani və digər İraq rəsmiıləri ilə planlaşdırılmış danışıqlar aparıb.
500-ə yaxın namizədin İraqın keçmiş diktatoru Səddam Hüseynin qadağan olmuş Bəəs partiyası ilə əlaqələrinə görə seçkidə iştirakına qadağa qoyulub.