Accessibility links

Azərbaycanda Rusiya baş nazirinin bəyanatı tənqidlə qarşılanıb


Rusiya baş naziri Vladimir Putinin Türlkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Qarabağ münaqişəsi ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının əlaqələndirilməsini məqsədəuyğun saymaması barədə bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Rəsmi Bakı bu bəyanata hələ münasibət bildirməsə də, politoloqlar tənqid edir.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazov hesab edir ki, Rusiya baş nazirinin açıqlaması əslində Minsk qrupunun həmsədrləri Amerika və Fransanın dediklərinin bir az daha açıq formada təkrarıdır. “Rusiyanın bu mesajı Azərbaycanın Moskvaya son yaxınlaşma siyasətini süquta uğradıb”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür ki, Rusiya bu bəyanatı ilə Qafqazdakı münaqişələrin həllində maraqlı olmadığını bir daha təsdiqləyib. “Rusiya Türkiyə hökumətinə də açıq mesaj verdi ki, iki dövlətin yaxınlaşması heç də Türkiyənin regiondakı problemlərin həlli prosesinə müdaxiləsinə yol açmır”.
Tarixçi-ailm Arif Yunus bildirib ki, cənab Putinin son bəyanatının Rusiyanın münaqişələrin nizamlanması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olması barədə bəyanatlarının formal olduğunu ortaya qoyub. “Əslində Rusiyanın regionla bağlı siyasətində hər hansı dəyişiklik baş verməyib”.
Bununla yanaşı, Rusiya xarici işlər nazirinin Ermənistana səfəri və orada cənab Putinin bəyanatını təkrarlamasına baxmayaraq, Ermənistan prezidenti yanvarın 18-də Moskvaya səfərə gedəcək. Bu səfərdən sonra, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yanvarın 20-də regiona səfəri gözlənilir. Ermənistan prezidentinin mətbuat katibi isə yanvarın sonunadək Rusiya, Azərbaycan və Ermənistan prezidentinin görüşünün baş tutacağını mümkün sayır.
Politoloq Eldar Namazov düşünür ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması üçün prezidentlərin görüşündə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yüngül bir addım atıla bilər. “Bundan sonra Türkiyəyə sərhədləri açmaq üçün təzyiq ediləcəyi mümkündür”.

XS
SM
MD
LG